Həkim: Sauna və alkoqol ürək üçün ən təhlükəli birləşmələrdən biridir

SAĞLAMLIQ
18:00 / 20.08.2026
45

Saunada pivə içmək ciddi təhlükə yarada bilər. 

HİT.az xəbər verir ki, bu barədə psixiatr-narkoloq Sergey Litkov gazeta.ru-ya bildirib.

Mütəxəssisin sözlərinə görə, əsas problem həm yüksək temperaturun, həm də alkoqolun ürək-damar sisteminə güclü təsir göstərməsidir. Sauna özü orqanizm üçün ciddi yükdür: damarlar genişlənir, ürək döyüntüləri sürətlənir, arterial təzyiq dəyişir və tərləmə artır. Buna alkoqol əlavə olunduqda yük bir neçə dəfə artır.

"Bir çox insan pivəni yüngül içki kimi qəbul edir və onu tam mənada alkoqol hesab etmir. Lakin etanolun faizi nə qədər olursa-olsun, bu, yenə etanoldur. Yüksək temperaturla birlikdə insan ürək və damarlarına ikiqat zərbə alır", deyə Litkov izah edib.

Həkimin sözlərinə görə, alkoqol periferik damarların genişlənməsinə səbəb olur və bunun nəticəsində insanda saxta rahatlıq hissi yarana bilər. İnsan istini yaxşı keçirdiyini və özünü əla hiss etdiyini düşünür. Lakin məhz bu vəziyyət çox vaxt orqanizmin xəbərdarlıq siqnallarının nəzərdən qaçmasına səbəb olur.

"Alkoqolun təsiri altında insan öz vəziyyətini düzgün qiymətləndirmək qabiliyyətini itirə bilər. Başgicəllənmə, halsızlıq, ürək döyüntülərinin sürətlənməsi və ya hava çatışmazlığı kimi əlamətlərə əhəmiyyət verməyərək səhhəti pisləşsə də, buxar otağında qalmağa davam edə bilər", deyə mütəxəssis qeyd edib.

Susuzlaşma da əlavə təhlükə yaradır. Sauna prosedurları zamanı orqanizm tərlə intensiv şəkildə maye itirir. Alkoqol isə sidikqovucu təsir göstərərək su və elektrolitlərin daha çox itirilməsinə səbəb olur. Nəticədə qan daha qatı olur, ürəyə düşən yük artır və ürək ritminin pozulması riski yüksəlir.

Litkovun sözlərinə görə, xüsusilə 40 yaşdan yuxarı insanlar, arterial hipertoniyası, ürəyin işemik xəstəliyi, ürək ritminin pozulması, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdır. Bununla belə, belə birləşmə hətta gənc və zahirən sağlam insanlarda da ağır nəticələrə səbəb ola bilər.

"Hər il həkimlər saunada alkoqol qəbul etdikdən sonra insanlarda hipertoniya tutmaları, huş itirmə və ürək ritminin ağır pozulması ilə qarşılaşırlar. Təəssüf ki, bəzi hallarda belə hadisələr faciə ilə nəticələnir", deyə həkim vurğulayıb.

Mütəxəssis saunanın alkoqolu orqanizmdən daha tez "çıxarmasına" dair geniş yayılmış fikrə də münasibət bildirib. Onun sözlərinə görə, bu, ən uzunömürlü miflərdən biridir.

Samir

0