Yay aylarında temperaturun tez-tez dəyişməsi və məzuniyyətə çıxan insanların sayının çox olması səbəbindən soyuqdəymə hallarının mövsümi artımı müşahidə olunur.
HİT.az xəbər verir ki, bu barədə Life.ru-ya kardioloq-terapevt Andrey Kondraxin bildirib.
Mütəxəssisin sözlərinə görə, yay aylarında xəstələnmə hallarının artmasına bir sıra amillər səbəb olur. Bunlardan birincisi rusiyalıların digər regionlara və xaricə səfərləridir. Bu ərazilərin hər birində özünəməxsus epidemioloji mühit mövcuddur. Səyahət edənlər onlar üçün qeyri-adi infeksiyalarla, eləcə də virusların ötürülmə ehtimalını artıran çoxsaylı təmaslarla qarşılaşırlar.
Həkim digər amil kimi ətraf mühit şəraitinin kəskin dəyişməsini qeyd edib. İsti havadan kondisionerin işlədiyi sərin məkana tez-tez keçmək orqanizmə əlavə yük yarada bilər. Bu, xüsusilə həddindən artıq isinmə və ya susuzlaşma yaşayan insanlara mənfi təsir göstərir.
Kardioloq xəstəliklərin digər səbəbi kimi sərin məkanda soyuq içkilərdən istifadəni göstərib. Onun sözlərinə görə, bu cür hallar immunitetin zəifləməsinə, selikli qişanın qoruyucu funksiyasının pozulmasına və soyuqdəymənin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, ekspert bu dövrdə xəstələnmə hallarını insanların kütləvi şəkildə hərəkət etməsi ilə əlaqələndirib. Müxtəlif yay istirahəti məkanlarında insanlar bir-biri ilə sıx təmasda olur və bu da virusların yayılması üçün əlverişli şərait yaradır.
"Bu səbəbdən yayda da virus xəstəlikləri davam edir, poliklinikalarda isə qəbul üçün yerlər tam dolu olur. Səbəb sadədir: bir-birimizə yaxın oluruq, müxtəlif regionlardan çoxlu sayda insan bir yerə toplaşır və gətirdiyimiz virusları bir-birimizə ötürürük", – deyə o vurğulayıb.
Kardioloqun qeyd etdiyi kimi, temperaturun kəskin dəyişməsi xüsusilə avqust ayında nəzərə çarpır. Çünki bu dövrdə isti günlər sərin axşamlarla əvəz olunur. Rusiya sakinlərinə hava şəraitini həmişə nəzərə almaq və havalar soyuduqdan sonra küçədə yüngül geyimlə qalmamaq tövsiyə edilir.
Samir


