Gündə bir stəkan süd bağırsaq xərçəngi riskini azalda bilər

SAĞLAMLIQ
19:58 / 24.08.2026
38

Oksford Universiteti və Cancer Research UK mütəxəssisləri Böyük Britaniyada 542 778 qadının 16 ildən artıq müddətdə qidalanma vərdişlərini təhlil ediblər. Bu müddət ərzində iştirakçılar arasında 12 251 yoğun bağırsaq xərçəngi halı qeydə alınıb.

HİT.az xəbər verir ki, araşdırmaya görə, gündə təxminən 300 mq kalsium qəbul edilməsi yoğun bağırsaq xərçəngi riskinin 17 faiz azalması ilə əlaqələndirilib. Bu miqdarda kalsiumu böyük bir stəkan süddən əldə etmək mümkündür.

Tədqiqatın müəllifi, Oksford Universitetinin doktoru Karen Papye süd məhsullarının mümkün qoruyucu təsirinin əsasən onların tərkibindəki kalsiumla bağlı olduğunu bildirib.

Kalsiumla zəngin digər məhsullar, o cümlədən yaşıl yarpaqlı tərəvəzlər və bəzi bitki mənşəli qidalar da oxşar fayda verə bilər. Mütəxəssislərin fikrincə, burada əsas məsələ konkret olaraq süd deyil, gündəlik rasionda kifayət qədər kalsiumun olmasıdır.

Bundan başqa, dənli bitkilər, meyvələr, tam taxıllı məhsullar, lif və C vitamini də yoğun bağırsaq xərçəngi riskinin azalması ilə əlaqələndirilib.

Araşdırmada qırmızı ət, kolbasa və digər emal olunmuş ət məhsulları, eləcə də alkoqolun əks təsirlə əlaqəli olduğu müəyyən edilib.

Məlumata görə, gündə 20 qram alkoqol qəbul edilməsi yoğun bağırsaq xərçəngi riskinin təxminən 15 faiz, bir porsiya ətin isə 8 faiz artması ilə əlaqələndirilib.

Alimlər bununla yanaşı, xərçəng riskinə genetika, fiziki aktivlik, siqaretdən istifadə və ümumi həyat tərzinin də təsir etdiyini vurğulayırlar.

Kalsium yalnız bağırsaqlar üçün deyil, sümüklərin möhkəmliyi baxımından da vacib mineraldır. Onun əsas mənbələri arasında süd, qatıq, pendir, soya, qoz-fındıq, quru əncir, sardina və bəzi zənginləşdirilmiş bitki mənşəli içkilər yer alır.

Araşdırma süd və kalsiumun xərçəngdən tam qoruduğunu sübut etmir; nəticələr əsasən qidalanma ilə xəstəlik riski arasındakı əlaqəni göstərir.

Samir

0