Yuxu çatışmazlığı beynin təkrarlanan təhlükələrə uyğunlaşmaq qabiliyyətini zəiflədərək narahatlığı artıra bilər. Avstraliyalı tədqiqatçılar virtual reallıqdan istifadə etməklə apardıqları təcrübə zamanı belə nəticəyə gəliblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri bioRxiv preprint platformasında dərc olunub.
Tədqiqatda 18-30 yaş arasında olan 54 sağlam insan iştirak edib. Könüllülərin yarısı bütün gecəni yatmayıb, digər iştirakçılar isə laboratoriyada səkkiz saat yatıblar. Növbəti gün iştirakçılar virtual mühitə yerləşdiriliblər. Əvvəlcə onlar sakit ofisdə olublar, daha sonra narahatedici musiqi, ayaq səsləri, pıçıltılar və ağlama səslərinin eşidildiyi qaranlıq zirzəmiyə keçiblər.
Tədqiqatçılar orqanizmin stresə reaksiyasını göstərən ürək döyüntülərinin tezliyini və dərinin elektrik keçiriciliyini izləyiblər.
“Ani olaraq qorxulu mühitə ilk daxil olduqda bütün iştirakçılarda narahatlıq əlamətləri gücləndi. Lakin zirzəmiyə təkrar daxil olduqdan sonra yaxşı yatmış insanlarda stres tədricən azaldı. Görünür, onların beyni və bədəni təhlükənin hələ də xoşagəlməz olduğunu, lakin daha təhlükəli olmadığını anlayırdı. Yuxusuz qalan könüllülərdə isə belə uyğunlaşma demək olar ki, baş vermədi: təhlükəyə fizioloji reaksiya zirzəmiyə hər təkrar giriş zamanı davam etdi”, deyə tədqiqatın müəllifi Emma Sallivan bildirib.
Alimlərin fikrincə, məhz bu mexanizm yuxu çatışmazlığı ilə narahatlıq arasındakı əlaqəni izah edən amillərdən biri ola bilər.
Tədqiqatçılar qeyd edirlər ki, yuxusuzluq yüksək sayıqlıq vəziyyətinə səbəb ola bilər. Bu vəziyyət xroniki hal aldıqda patoloji narahatlıq formasına keçə bilər.
Bununla belə, bəzi iştirakçıların yuxu çatışmazlığının nəticələrinə daha davamlı olduğu müəyyənləşib. Ürək ritminin dəyişkənliyi daha yüksək olan insanlarda güclü fizioloji stres reaksiyasına baxmayaraq, subyektiv narahatlıq daha aşağı olub.
Tədqiqatçılar hesab edirlər ki, yuxunun bərpası beynin təkrarlanan təhlükələrə daha effektiv uyğunlaşmasına kömək edə bilər. Fiziki aktivlik və bərpaedici yuxu da potensial olaraq faydalı ola bilər. Lakin bu nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Samir


