Sızma yolu ilə əldə edilən zeytun yağında, xüsusilə də ekstra təmiz zeytun yağında olan fenol birləşmələri üçqat mənfi süd vəzi xərçənginin böyüməsini ləngidə bilər. Bu qənaətə Afina Milli və Kapodistriya Universitetinin alimləri gəlib.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Tədqiqatçılar zeytun yağının fenol ekstraktının xəstəliyin ən aqressiv formalarından biri olan üçqat mənfi süd vəzi xərçənginə təsirini siçanlar üzərində yoxlayıblar. Bu xərçəng növü sürətli inkişafı və hədəf terapiyası imkanlarının məhdud olması ilə xarakterizə olunur.
Ən güclü təsir ekstraktın şiş əmələ gəlməzdən əvvəl tətbiq edildiyi halda müşahidə olunub. Bu zaman şiş kütləsi belə təsir göstərilməyən heyvanlarla müqayisədə təxminən 46 faiz daha az olub. Müalicəyə xəstəliyin erkən mərhələsində başlanıldıqda da şişin böyüməsi əhəmiyyətli dərəcədə ləngiyib. Lakin müdaxilə gec mərhələdə həyata keçirildikdə nəzərəçarpacaq təsir aşkarlanmayıb.
Ən aktiv komponent zeytun yağının tərkibində təbii şəkildə olan fenol birləşməsi oleokantal olub. Təcrübələrin nəticələrinə görə, bu maddə şişin inkişafı ilə əlaqəli bir neçə prosesə eyni vaxtda təsir göstərib.
Ekstrakt oksidləşdirici stresi və DNT zədələnməsini azaldıb, xərçəng hüceyrələrinin böyüməsini təmin edən hüceyrə mexanizmlərinin aktivliyini zəiflədib, həmçinin onların miqrasiyasının qarşısını alıb. Sonuncu təsir şişin digər toxumalara yayılmasının qarşısının alınması baxımından potensial əhəmiyyət daşıyır.
Bununla belə, alimlər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik maddənin insanlarda hansı dozada və hansı formada daha güclü xərçəngəleyhinə təsir göstərəcəyini müəyyən etməyə imkan vermir. Bununla yanaşı, nəticələr oleokantalın və zeytun yağının digər fenol birləşmələrinin gələcəkdə daha ətraflı araşdırılması və yeni müalicə üsullarının hazırlanması baxımından perspektivli olduğunu göstərir.
Samir


