Sağlam qidalanma ilə bağlı yanlış təsəvvürlər hələ də geniş yayılıb. Bir çox insan bütün sıyıqların faydalı olduğunu düşünür. Lakin taxılın emal dərəcəsi onun qida dəyərinə ciddi təsir göstərir. Xüsusilə bəzi sıyıqların tərkibində lif və vitaminlər az olduğundan uzun müddət toxluq hissi yaratmır.
HİT.az xəbər verir ki, bu barədə "Unian" yazıb.
Mütəxəssislərin fikrincə, ən az faydalı sıyıqlar əsasən dənli bitkilərin qabığı və rüşeymi çıxarıldıqdan sonra hazırlanan məhsullardır. Belə emal nəticəsində faydalı komponentlərin böyük hissəsi itir və məhsulda əsasən sürətli karbohidratlar qalır.
Mannı sıyığı
Mannı sıyığı uzun illərdir qidalı və faydalı məhsul kimi qəbul edilir. Lakin mannı yarması əslində ciddi emaldan keçirilmiş buğdadır. Emal zamanı taxılın ən faydalı hissələri çıxarıldığı üçün onun tərkibində lif və bəzi vitaminlərin miqdarı azalır.
Bu səbəbdən mannı sıyığı uzun müddət toxluq yaratmaya bilər. Məqalədə həmçinin onun tərkibində olan fitinin kalsium və dəmirin mənimsənilməsinə mane ola biləcəyi qeyd edilir.
Tez hazırlanan yulaf sıyığı
Adi, tam taxıllı yulaf faydalı məhsullardan hesab olunur. Lakin paketlərdə satılan və üzərinə qaynar su əlavə etməklə hazırlanan yulaf sıyıqları eyni xüsusiyyətlərə malik deyil.
Bu məhsulların istehsalı zamanı taxıl daha çox emal edilir. Bundan əlavə, bəzi hazır yulaf sıyıqlarına şəkər və müxtəlif dadlandırıcılar əlavə olunur. Nəticədə məhsul daha tez həzm olunur və qısa müddət sonra yenidən aclıq hissi yarana bilər.
Ağ düyü
Ağ düyü də geniş istifadə olunan, lakin emal zamanı faydalı hissələrinin bir qismini itirən məhsullardandır. Düyünün qabığı və digər təbəqələri çıxarıldıqdan sonra əsasən nişasta ilə zəngin hissə qalır.
Məqalədə tez-tez ağ düyü istehlakının artıq çəki və şəkərli diabet riskinin artması ilə əlaqələndirildiyi bildirilir.
Mütəxəssislər daha çox minimum emaldan keçmiş, tam taxıllı məhsullara üstünlük verməyi tövsiyə edirlər. Belə məhsullarda lif, vitamin və minerallar daha yaxşı qorunur.
Samir


