Maddələr mübadiləsini yaxşılaşdıra bilən giləmeyvə

SAĞLAMLIQ
22:17 / 26.08.2026
27

Tutun tərkibindəki bioaktiv maddələr bağırsaq mikroflorasına və onunla əlaqəli maddələr mübadiləsi proseslərinə müsbət təsir göstərə bilər. Bu qənaətə Vrotslav Tibb Universitetinin alimləri əvvəllər dərc olunmuş tədqiqatların elmi icmalı zamanı gəliblər. 

HİT.az xəbər verir ki, bu barədə nəticələr “Biomolecules” jurnalında dərc olunub.

Tədqiqatçılar tutun yarpaqları və meyvələrində olan polifenollar, polisaxaridlər və digər birləşmələrlə bağlı məlumatları araşdırıblar. Eksperimentlər göstərib ki, bu maddələr bağırsaq mikrobiotasının tərkibini dəyişdirərək bəzi faydalı bakteriyaların sayını artıra bilər. Eyni zamanda bağırsaqların və maddələr mübadiləsinin sağlamlığının qorunmasında iştirak edən qısa zəncirli yağ turşularının – asetat, propionat və butiratın – istehsalı arta bilər.

Bir sıra eksperimentlərdə mikrofloranın dəyişməsi karbohidrat və yağ mübadiləsinin göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub. Xüsusilə yağlarla zəngin qida qəbul edən siçanlarda ağ tut meyvələrindən əldə edilən polifenol və polisaxaridlərin birgə istifadəsi daha nəzərəçarpan nəticə verib. Bu kombinasiya mikrobiotanın tərkibinə və metabolik sindromla əlaqəli göstəricilərə ayrı-ayrı komponentlərdən daha güclü təsir göstərib.

Əlavə eksperiment bağırsaq bakteriyalarının mümkün rolunu da ortaya qoyub. Tutun tərkibindəki birləşmələri qəbul edən siçanların mikrobiotası digər heyvanlara köçürüldükdə, həmin heyvanlarda maddələr mübadiləsindəki pozuntuların qismən yaxşılaşdığı müşahidə edilib.

Tədqiqatçıların fikrincə, bu nəticələr tutun tərkibindəki komponentlər, bağırsaq mikroflorası və metabolik sağlamlıq arasında mümkün əlaqəyə işarə edir. Bununla belə, təsirin bitkinin növündən, istifadə olunan hissəsindən və xammalın emal üsulundan asılı olduğu qeyd edilir.

Müəlliflər vurğulayırlar ki, hazırda əldə edilən məlumatların böyük hissəsi heyvanlar üzərində aparılan eksperimentlərə əsaslanır. Təsirin insanlarda da təsdiqlənməsi üçün klinik tədqiqatlara ehtiyac var.

Samir
 

0