Vaşinqton Universitetinin Sietldəki alimləri qidalanmanın sağlamlığa təsirini araşdıran 60-dan çox elmi məqalənin nəticələrini təhlil ediblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Məlum olub ki, gündə təxminən 50 qram emal olunmuş ət, yəni təxminən bir kolbasa və ya buna uyğun miqdarda sosis, istehlak edən insanlarda 2-ci tip diabet riski 11 faiz, bağırsaq xərçəngi riski isə 7 faiz daha yüksəkdir. Alimlər bu əlaqənin daha az miqdarda məhsul qəbul edildikdə də müşahidə olunduğunu bildiriblər.
Söhbət əsasən kolbasa, sosis, bekon və salam kimi emal olunmuş ət məhsullarından gedir. Mütəxəssislər bu məhsullarda istifadə olunan nitritlərə də diqqət çəkirlər. Onların orqanizmdə potensial kanserogen xüsusiyyətlərə malik birləşmələrə çevrilə biləcəyi qeyd olunur. Ət məhsullarının yüksək temperaturda hazırlanması zamanı isə iltihabi proseslərə təsir göstərə bilən bəzi maddələr yarana bilər.
Araşdırmada şəkərlə zəngin içkilərin təsiri də nəzərdən keçirilib. Gündə təxminən 350 millilitr limonad və ya digər şəkərli içkilər qəbul edən insanlarda 2-ci tip diabet riskinin 8 faiz daha yüksək olduğu müəyyənləşdirilib.
Dietoloq Gyunter Kunle sağlamlıq və uzunömürlülük baxımından mümkün qədər az emal olunmuş məhsullara üstünlük verməyin vacib olduğunu bildirib. Onun fikrincə, tərəvəz, meyvə, tam taxıllı məhsullar, paxlalılar, qoz-fındıq və fermentləşdirilmiş süd məhsullarına əsaslanan qidalanma daha məqsədəuyğundur.
Mütəxəssislər vurğulayırlar ki, sağlamlığa yalnız ayrı-ayrı məhsullar deyil, ümumi qidalanma vərdişləri təsir edir. Zərərli məhsulların az miqdarda olsa belə, müntəzəm istehlakı uzun müddətdə xroniki xəstəliklərin yaranması riskinə təsir göstərə bilər.
Samir


