Yay gələndə günəşdən daha çox yararlanmaq istəyənlərin sayı artır.
Çimərlikdə uzanmaq, dərinin rəngini tündləşdirmək və günəş şüalarının altında saatlarla qalmaq bir çox insan üçün istirahətin ayrılmaz hissəsinə çevrilir. Günəş işığının insan orqanizmi üçün əhəmiyyəti danılmazdır. Ultrabənövşəyi şüaların təsiri nəticəsində dəridə D vitamininin yaranması prosesi başlayır. Günəş işığının insanın bioloji ritminə və əhvalına da təsir göstərə bildiyi məlumdur.
Maraqlıdır, günəş işığına uzun müddət məruz qalmağın hansısa fəsadları varmı?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında şərhində deyib ki, günəş altında uzun müddət qalmaq hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil:

“Xüsusilə dərisində çoxsaylı xal, piqment ləkəsi və müxtəlif törəmələr müşahidə olunan insanların günəş şüalarına uzun müddət məruz qalması tövsiyə edilmir. D vitamininin orqanizm üçün əhəmiyyətli olduğu məlumdur, lakin sağlamlıq baxımından məqsəd onun həddindən artıq günəşə məruz qalma hesabına artırılması olmamalıdır. Uzunmüddətli və intensiv ultrabənövşəyi şüalanma dəridə yanıq və digər arzuolunmaz dəyişikliklər yarada bilər”.
Ekspert qeyd edib ki, dəri xərçəngi diaqnozu qoyulmuş və ya dəri ilə bağlı əməliyyat keçirmiş şəxslər isə günəşdən daha ciddi şəkildə qorunmalıdır:
“Belə insanların çimərlikdə birbaşa günəş altında qalmaq əvəzinə kölgəli yerlərə üstünlük verməsi daha təhlükəsiz seçimdir. Sağlam insanlar üçün də günəş altında fasiləsiz qalmaq məsləhət görülmür. Qısa müddətli günəşlənmədən sonra kölgəyə keçmək, xüsusilə havanın temperaturunun yüksək olduğu saatlarda günəş şüalarının intensiv təsirindən uzaq qalmaq vacibdir”.
Günel Cəlilova

