Uşaq hələ öz maraqlarını tam müəyyənləşdirməyib, amma onun üçün artıq gələcək plan hazırlanıb.
Hansı idman növü ilə məşğul olacaq, həftənin neçə günü məşq edəcək, hansı yarışlara qatılacaq, hətta gələcəkdə hansı nəticəni göstərəcək – bütün bunlar bəzən valideyn tərəfindən uşağın yerinə qərarlaşdırılır. Bəzi ailələrdə isə məsələ sadəcə idmana getməklə bitmir. Uşaq erkən yaşlarından intensiv və ağır məşqlərə cəlb olunur. Valideyn bunu “gələcəyinə yatırım” kimi görür.
Maraqlıdır, erkən yaşlarda ağır idmanlarla məşğul olmaq uşaqda hansı mənfi təsirlərə səbəb ola bilər?
Həkim-terapevt, tibbi ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında deyib ki, idman uşağın inkişafı üçün vacibdir:

“Ancaq uşağın orqanizminə böyüklərin məşq prinsipləri ilə yanaşmaq düzgün deyil. Kiçik yaşlı uşaqların orqanizmi gərgin məşqlərə dözmür. Uşaqlar üçün idman seçilərkən onların fiziki inkişafı və yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın bədəni ardıcıl olaraq böyük fiziki yükə məruz qalırsa və bərpa üçün kifayət qədər vaxt ayrılmırsa, zədələnmə ehtimalı artır. Onu da nəzərə almaq lazımdır ki, ağır travmalar uşaqlarda qorxu, hərəkətdən çəkinmə və özgüvən problemləri də yarada bilər”.
Ekspertin dediyinə görə, uşaq idmanı sevir, məşq zamanı özünü rahat hiss edir və onun fiziki imkanlarına uyğun proqram hazırlanırsa, idman onun üçün həm sağlamlıq, həm sosiallaşma, həm də özünəinam vasitəsinə çevrilə bilər.
Günel Cəlilova


