Alimlər müəyyən ediblər ki, təxminən 20 il əvvəl qadağan edilmiş alovgecikdirici maddələr hələ də ətraf mühiti çirkləndirir və toz, torpaq, qida məhsulları və qapalı məkanların havası vasitəsilə insan orqanizminə daxil olur.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Environmental Research" jurnalında dərc olunub.
Söhbət polibromlaşdırılmış difenil efirlərindən (PBDE) gedir. Bu birləşmələr əvvəllər tikinti materiallarına, elektronika məhsullarına, mebelə və tekstil məmulatlarına odadavamlılıq xüsusiyyəti vermək üçün əlavə edilirdi. Sağlamlıq üçün təhlükəli olduğuna görə onların istifadəsi Avropa İttifaqında 2004-cü ildən etibarən qadağan edilməyə başlanıb. Lakin bu maddələrin olduqca davamlı olduğu müəyyən edilib.
Tədqiqatçılar 181 elmi işi təhlil edərək PBDE-lərin bir-biri ilə əlaqəli müxtəlif mühitlər arasında necə yayıldığını izləyiblər. Şarja Universitetinin toksikoloqu Xalid Abbasın sözlərinə görə, maddələr məhsullardan toza, tozdan çirkab sulara, oradan çöküntülərə, çöküntülərdən torpağa, su hövzələrinin dibindəki çöküntülərdən isə su qida zəncirinə keçir.
Məlum olub ki, qapalı məkanlarda bu maddələrin konsentrasiyası açıq havadakından xeyli yüksəkdir. Ən yüksək göstəricilər isə şəhərlərdə, zavodların və tullantı poliqonlarının yaxınlığında qeydə alınıb. İnsanların çox vaxt keçirdiyi məkanlarda onlar çoxdan qadağan edilmiş bu birləşmələrin əsas dozasını qəbul edirlər.
Alimlər həmçinin "qapalı dövr iqtisadiyyatı"nın mümkün risklərinə diqqət çəkirlər. İkinci əl əşyaların alınması, köhnə materialların təkrar emalı və lazımi nəzarət olmadan yenidən istifadəsi əvvəllər mövcud olmuş çirkləndiricilərin yenidən dövriyyəyə qayıtmasına səbəb ola bilər.
Müəlliflərin sözlərinə görə, bu, təkrar emaldan imtina etmək üçün səbəb deyil. Lakin köhnə materialların tərkibinə nəzarət edilməsinin vacibliyini xatırladır.
PBDE-lər davamlı üzvi çirkləndiricilər qrupuna aid edilir. Onlar ətraf mühitdə çətin parçalanır, yağ toxumasında toplanır və qida zənciri boyunca ötürülür. Məsələn, İsveçdə yaşayan qadınların ana südündə bu maddələrin konsentrasiyası 1972-1997-ci illər arasında sürətlə artıb. Yalnız bundan sonra həmin birləşmələrin qadağan edilməsinə başlanılıb.
Samir


