Psixoloq: “Sosial şəbəkələrdəki “ideal bədən” paylaşımları yeniyetmələrə təsir göstərir”

SAĞLAMLIQ
11:11 / 31.08.2026
194

“Təəssüf ki, “ideal bədən” anlayışı son dövrlərdə insanların düşüncəsində eyni formada təsəvvür olunur”.

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.

O, bildirib ki, burada söhbət sağlam və fit bədəndən, yaxud boya uyğun çəkidən getmir:


“Söhbət həddindən artıq incə bel, qeyri-təbii bədən proporsiyaları və “qarışqa bədən” görünüşünün ideal kimi təqdim edilməsindən gedir. Heç kimi seçiminə görə mühakimə etmədən demək istərdim ki, belə bir görünüşün kütləvi şəkildə təbliğ olunması doğru deyil. Hərçənd ki, sosial şəbəkələrdə “ideal bədən” görüntüləri paylaşılır, bu isə bəzi şəxslərin üzərində təzyiq yaradır”.

Ekspert qeyd edib ki, əslində, sosial şəbəkələrdə gördüklərimizin çoxu real deyil:
“Artıq yalnız fotoları deyil, videoları da müxtəlif proqramlarla dəyişmək mümkündür. İnsan videoda olduğundan daha arıq, incə belli, qüsursuz dərili və qırışsız görünə bilir. İzləyici isə bəzən süni şəkildə yaradılmış bu görüntünü reallıq kimi qəbul edərək özünü onunla müqayisə edir.

Özü ilə barışıq olan, ciddi kompleksləri olmayan, sadəcə xarici görünüşündə müəyyən dəyişikliklər etmək istəyən insan üçün belə paylaşımlar motivasiya rolunu oynaya bilər. O, sağlam qidalanmağa başlaya, fiziki fəallığını artıra və dərisinin sağlamlığına diqqət göstərər”.

Lakin psixoloq diqqətə çatdırıb ki, bu hal daha çox yeniyetmələrə təsir göstərir:
“Çünki bildiyiniz kimi yemə pozuntuları, anoreksiya məhz bu dövrdə daha çox özünü göstərir. Yeniyetmə özünü gənc kimi göstərmək üçün ideallığa can atır. Əsasən 13-17 bu yaş qrupunda ideallıq üzrə rəqabət gedir. Burada sağlam və fit bədəndən, yaxud boya uyğun çəkidən danışmıram. Söhbət insanların sosial şəbəkələrdə özlərini həddindən artıq incə şəkildə göstərdiyi süni paylaşımlardan gedir”.

Fatimə Bayramova fikirlərini belə yekunlaşdırıb:
“Ona görə də sosial şəbəkələrdə sağlam həyat tərzinin təbliği ilə əlçatmaz və süni görünüş standartlarının təbliğini bir-birindən ayırmaq lazımdır. Sağlam olmaqla müəyyən bir qəlibə uyğun görünmək eyni şey deyil. İnsanın dəyəri belinin incəliyi, dərisinin qüsursuzluğu və ya sosial şəbəkədə aldığı bəyənmələrin sayı ilə ölçülmür”.

Pərviz

0