Son illər qadınların təbii doğuş əvəzinə keysəriyyə əməliyyatına üstünlük verməsi cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib.
Bəs ana olmağa hazırlaşan qadınları bu seçimə vadar edən əsas səbəb nədir? Bu, doğuş qorxusu və psixoloji amillərlə bağlıdır, yoxsa ətrafdan eşidilən fikirlər və “qonşudan qalma dala” prinsipi burada rol oynayır? Rəsmi statistik göstəricilər də keysəriyyə ilə doğuşların sayında artım olduğunu göstərir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, bəzi qadınlar hamiləlik zamanı təbii doğuşla bağlı ciddi narahatlıq keçirir və tibbi göstəriş olmadığı halda belə keysəriyyə əməliyyatını daha təhlükəsiz və rahat seçim kimi qəbul edirlər:

“Bu qərarın arxasında yalnız doğuş ağrısından çəkinmək deyil, qadının əvvəlcədən formalaşmış qorxuları və doğuşla bağlı eşitdiyi mənfi təcrübələr də dayana bilər. Psixoloji baxımdan doğuş qorxusu qadının doğuş prosesini necə qəbul etməsində mühüm rol oynaya bilər. Xüsusilə ilk dəfə ana olmağa hazırlaşan qadın üçün doğuş zamanı nə baş verəcəyini bilməmək, ağrıya dözə bilməyəcəyini düşünmək və proses üzərində nəzarəti itirmək qorxusu narahatlığı daha da gücləndirə bilər.
Bəzi hallarda bu qorxu qadının ətrafından eşitdiyi doğuş hekayələri ilə də qidalanır. Yaxınlarının ağır doğuş təcrübələri, sosial şəbəkələrdə yayılan qorxuducu görüntülər və “təbii doğuş çox əziyyətlidir” kimi fikirlər hamilə qadında zamanla mənfi gözlənti yarada bilər. Belə olduqda keysəriyyə qadına ağrıdan və gözlənilməzlikdən uzaq, əvvəlcədən planlaşdırılan bir proses təsiri bağışlaya bilər”.
Psixoloq onu da əlavə edib ki, hər hansı qadının tibbi göstəriş olmadan keysəriyyə istəməsini avtomatik olaraq psixoloji problemlə əlaqələndirmək doğru deyil:
“Burada söhbət daha çox doğuş qorxusunun, narahatlığın və sosial təsirlərin qərara mümkün təsirindən gedir. Əgər qadın doğuş haqqında düşünərkən həddindən artıq təşviş keçirir, ağrı və mümkün fəsadlarla bağlı düşüncələrdən xilas ola bilmir və bu qorxu onun doğuş seçiminə birbaşa təsir edirsə, hamiləlik dövründə psixoloji dəstək faydalı ola bilər.
Əsas məsələ qadının seçimindən əvvəl onun qorxusunun nə ilə bağlı olduğunu anlamaqdır. Çünki bəzən keysəriyyə istəyi tibbi ehtiyacdan deyil, qadının doğuşla bağlı beynində yaratdığı qorxulu ssenaridən qaynaqlana bilər”.
Sevinc


