Acı bibər yeyəndə bunlara DİQQƏT EDİN

SAĞLAMLIQ
17:00 / 01.09.2026
190

“Acı bibər Azərbaycan mətbəxində həm bişirilən xörəklərdə, həm də müxtəlif salatlarda kifayət qədər geniş istifadə olunur”.

Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, çox vaxt insanlar yeməklərə xüsusi dad vermək məqsədilə acı bibərdən həddindən artıq dərəcədə istifadə edirlər:


“Lakin onun tərkibində orqanizmə bilavasitə təsir edən kapsaisin adlı aktiv maddə mövcuddur. Bibərə özünəməxsus acılığı verən məhz bu maddədir. Kapsaisinlə yanaşı, acı bibərin tərkibində C vitamini və digər faydalı elementlər də var. Aparılan araşdırmalar kapsaisinin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu təsdiqləyir”.

Ekspert qeyd edib ki, acı bibərin faydalı olması onun limitsiz və nəzarətsiz qəbul edilməsi anlamına gəlmir:
“Böyük miqdarda acı bibər yemək ağız boşluğunda, mədədə, qarın nahiyəsində kəskin yanğıya, bəzən isə hətta ürəkbulanmasına səbəb ola bilər. Mədə yarası, qızqırma və müxtəlif həzm pozuntularından əziyyət çəkən insanlarda kapsaisin ciddi fəsadlar törədir.

Bu səbəbdən həzm sistemi həssas olan şəxslərin acı bibərdən mümkün qədər uzaq durması və ya istifadəni minimuma endirməsi tövsiyə edilir. Çünki kapsaisinin həddindən artıq qəbulu boğazda və mədə-bağırsaq traktında ağrılarla nəticələnə bilər”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, acı bibər üçün hər kəsə şamil edilə biləcək müəyyən bir istifadə norması mövcud deyil:
“Bunun əsas səbəbi bibərin sortundan və sortlaşdırmadan asılı olaraq acılıq səviyyəsinin kəskin dəyişməsidir. Bəzən acı adı ilə alınan bibərdə acılıq hiss olunmur, bəzən isə tərkibindəki kapsaisin miqdarı çox yüksək çıxır. Bu fərqliliyə görə hər bir fərd öz sağlamlıq vəziyyətini və orqanizminin reaksiyasını nəzərə alaraq miqdarı müəyyənləşdirməlidir”.

İlkin Şirinov acı bibərin düzgün istifadə qaydalarıdan danışıb:
“Acı bibəri tamamilə zərərli maddə və ya sağlamlıq üçün risk mənbəyi kimi təqdim etmək doğru deyil. Əsas məsələ onu balanslı qidalanmanın bir hissəsi kimi normasında istehlak etməkdir. İstifadə olunan bibərin təzə və xarab olmamış olmasına diqqət yetirilməlidir.

Bundan əlavə, acı bibərlə təmas zamanı gigiyena qaydaları unudulmamalıdır. Bibərə toxunduqdan sonra əlləri mütləq yaxşıca yumaq lazımdır. Əks halda, əllərin üzə və ya gözlərə vurulması şiddətli yanğı və narahatlığa gətirib çıxarır. Sağlamlığın qayğısına qalmaq və həddi aşmamaq acı bibərdən təhlükəsiz şəkildə faydalanmağın başlıca şərtidir”.

Pərviz

0