ABŞ-ın Dreksel Universitetinin alimləri müəyyən ediblər ki, musiqinin ağrını azaltmaq qabiliyyəti yalnız diqqəti yayındırmaqla bağlı olmaya bilər. Araşdırmanın nəticələrinə görə, burada musiqidən zövq almaq, mahnıları şəxsin özünün seçməsi və ritmə uyğun hərəkətlərin sinxronlaşdırılması kimi aktiv iştirak mühüm rol oynayır.
HİT.az xəbər verir ki, nəticələr "PAIN Reports" jurnalında dərc olunub.
Alimlər əvvəllər dərc edilmiş 57 araşdırmanı təhlil edərək müəyyən ediblər ki, musiqidən alınan zövq artdıqca onun ağrıkəsici təsiri də güclənir. Bu nəticə musiqinin yalnız diqqəti yayındıran vasitə kimi fəaliyyət göstərdiyi barədə sadə nəzəriyyə ilə ziddiyyət təşkil edir.
Təcrübələrdən birində iştirakçılar xoş və xoşagəlməz musiqiyə eyni diqqətlə qulaq asıblar. Lakin ağrı yalnız melodik və dinləyiciyə xoş gələn musiqi səsləndirilərkən azalıb. Digər araşdırmalarda isə musiqinin ağrıya məruz qalmazdan əvvəl səsləndirildiyi hallarda da ağrı hissini azaltdığı müşahidə olunub.
Alimlər bildiriblər ki, musiqini özünün seçməsinin də əhəmiyyətli olduğu ortaya çıxıb. 51 nəfərin iştirak etdiyi təcrübədə iştirakçılar əllərini buzlu suda saxlayıblar. Musiqini özlərinin seçməsinə icazə verilən şəxslər ağrıya daha uzun müddət dözüb və onun intensivliyini daha aşağı qiymətləndiriblər. Ən güclü təsir seçdikləri musiqidən həqiqətən zövq alan iştirakçılarda müşahidə edilib.
Aktiv iştirak isə effekti daha da gücləndirə bilər. Araşdırmalardan birində iştirakçılar musiqinin ritmini əlləri ilə vuraraq təkrarlayıblar və bu üsul sadəcə musiqiyə qulaq asmaqdan daha təsirli olub. Digər tədqiqatda isə seçilmiş mahnını oxumağın ağrıya dözümlülüyü sadəcə musiqiyə qulaq asmaqdan və ya səssizlikdə qalmaqdan daha çox artırdığı müəyyən edilib.
Neyrogörüntüləmə məlumatlarına əsasən, musiqi beyində yalnız ağrı siqnallarının ilkin emalı ilə əlaqəli sahələrə deyil, həm də ağrıya emosional və koqnitiv reaksiyanın formalaşmasında iştirak edən strukturlara təsir göstərir.
Bununla belə, tədqiqat müəllifləri araşdırmanın məhdudiyyətlərini vurğulayıblar. Təcrübələrin əksəriyyəti xroniki xəstəlikləri olan insanlar üzərində deyil, sağlam könüllülər arasında və qısamüddətli laboratoriya ağrısı şəraitində aparılıb.
Bu səbəbdən musiqinin xroniki və ya şiddətli ağrı zamanı təsirinin nə qədər güclü olacağını hazırda dəqiq müəyyənləşdirmək mümkün deyil.
Samir


