Arterial təzyiqi azaltmaq üçün hansı şirə daha faydalıdır?

SAĞLAMLIQ
15:26 / 17.09.2026
35

Nar və pomidor şirəsi arterial təzyiqə müsbət təsir göstərə bilən içkilər sırasında qeyd olunur. Lakin onların təsir mexanizmi və elmi araşdırmaların nəticələri arasında müəyyən fərqlər var.

HİT.az xəbər verir ki, “Health” nəşri müxtəlif araşdırmaların nəticələrini müqayisə edərək nar şirəsinin yüksək təzyiqin azaldılmasında daha çox elmi əsasının olduğunu yazıb.

Araşdırmalara əsasən, gündə təxminən 140-280 qram nar şirəsinin qəbulu sistolik arterial təzyiqi orta hesabla 5-7 vahid azalda bilər. Bununla belə, bu təsirin əsasən təxminən iki aylıq müddətdə müşahidə edildiyi bildirilir.

Dietoloq Reyçel Qarganonun sözlərinə görə, narın tərkibindəki təbii nitratlar orqanizmdə azot oksidinə çevrilərək damarların genişlənməsinə və rahatlamasına kömək edə bilər. Nar şirəsi həmçinin antioksidantlarla zəngindir və qan təzyiqinin tənzimlənməsində rol oynayan angiotenzinçevirici fermentlərin fəaliyyətinə təsir göstərə bilər.

Bir stəkan nar şirəsində təxminən 533 milliqram kaliumun olduğu qeyd edilir. Kalium da arterial təzyiqin aşağı salınmasına kömək edən minerallardan biridir. Lakin böyrək problemi olan şəxslər yüksək miqdarda kalium qəbuluna diqqət etməlidirlər.

Pomidor şirəsi ilə bağlı elmi araşdırmalar isə daha məhduddur. Buna baxmayaraq, bəzi tədqiqatlar pomidorun tərkibindəki güclü antioksidant olan likopenin qan damarlarının fəaliyyətinə müsbət təsir göstərə biləcəyini göstərir.

Mütəxəssislərin fikrincə, pomidor şirəsi də kaliumla zəngindir və bir stəkanda təxminən 527 milliqram bu mineral ola bilər.

Hər iki içkinin ürək-damar sistemi üçün potensial faydaları var. Araşdırmalar nar şirəsinin “pis” LDL xolesterinin azalmasına və “yaxşı” HDL xolesterinin yüksəlməsinə kömək edə biləcəyini göstərir. Pomidorda olan likopen isə trombositlərin bir-birinə yapışmasını azaltmağa təsir göstərə bilər.

Bununla yanaşı, pomidor şirəsinin mühüm üstünlüklərindən biri onun daha az kalorili və şəkər miqdarının xeyli aşağı olmasıdır. Bir stəkan nar şirəsində təxminən 34 qram təbii şəkər olduğu halda, pomidor şirəsində bu göstərici təxminən 6 qramdır.

Bu səbəbdən çəkiyə nəzarət edən, şəkərli diabet və ya prediabeti olan şəxslərin şirə seçərkən şəkər miqdarını da nəzərə almaları tövsiyə olunur.

Qeyd edək ki, şirələr arterial təzyiqin müalicəsini əvəz etmir. Yüksək təzyiqi olan şəxslər həkimin təyin etdiyi müalicəni dayandırmamalı və qidalanma dəyişikliklərini mütəxəssislə müzakirə etməlidirlər.

Samir
 

0