Şah damarlarında yaranan daralma uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Mütəxəssislər bunun insult riskini artırdığını bildirərək, xüsusilə risk qrupunda olan şəxslərin mütəmadi tibbi müayinədən keçməsinin vacibliyini vurğulayırlar.
HİT.az xəbər verir ki, kardiologiya mütəxəssisi Prof. Dr. Bilal Boztosun ürək-damar xəstəliklərinə səbəb olan yüksək təzyiq, diabet, yüksək xolesterin, siqaret istifadəsi və genetik meyilliliyin beyini qidalandıran damarlara da mənfi təsir göstərə biləcəyini bildirib.
Onun sözlərinə görə, beynin qanla təmin olunmasında dörd əsas damar iştirak edir. Bunlardan ikisi boynun ön hissəsində yerləşən karotid, yəni şah damarları, digər ikisi isə boynun arxa hissəsində yerləşən fəqərə damarlarıdır.
Şəkərli diabet, yüksək təzyiq, xolesterinin artması, siqaret və stress kimi amillər damarların strukturunu zədələyərək şah damarlarında daralmaya səbəb ola bilər.
Mütəxəssis xüsusilə problemin ilkin mərhələsində heç bir simptomun ortaya çıxmaya biləcəyinə diqqət çəkib. Daralma nəticəsində beynə kifayət qədər qan getməməsi və ya damarda yaranan laxtanın beyin damarlarına təsir etməsi insult təhlükəsini artıra bilər.
Qəfil danışıq pozğunluğu, sözləri anlamaqda və ya ifadə etməkdə çətinlik, üzün, qolun və ya ayağın, xüsusilə bədənin bir tərəfinin keyiməsi və gücdən düşməsi insultun əlamətləri ola bilər. Bu simptomlar qısa müddət ərzində keçsə belə, onların ciddi qəbul edilməsi və tibbi yardım üçün müraciət olunması vacibdir.
Şah damarlarının vəziyyətinin qiymətləndirilməsində ən geniş istifadə olunan müayinələrdən biri Doppler ultrasəs müayinəsidir. Bu üsulla damarda daralmanın olub-olmaması, onun səviyyəsi və qan axınına təsiri müəyyən edilə bilər.
Prof. Dr. Boztosun vurğulayıb ki, müalicə qərarı yalnız damardakı daralmanın faizinə əsasən verilmir. Xəstənin ümumi sağlamlıq vəziyyəti, mövcud şikayətləri və digər risk faktorları birlikdə qiymətləndirilməlidir.
Ailəsində ürək-damar xəstəlikləri olan, siqaret çəkən, yüksək təzyiq, diabet və ya xolesterin problemi yaşayan şəxslərin daha diqqətli olması tövsiyə edilir.
Mütəxəssislər damar sağlamlığını qorumaq üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və xroniki xəstəlikləri nəzarətdə saxlamağın əhəmiyyətini qeyd edirlər.
Samir


