Uşaq qidaları alarkən nələrə diqqət etməliyik?

SAĞLAMLIQ
14:30 / 22.09.2026
211

“Uşaq qidalarını alarkən məhsulun yaş qrupuna, tərkibinə, son istifadə və qablaşdırma tarixinə, eləcə də saxlama şəraitinə diqqət eləmək lazımdır”.

Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib

O bildirib ki, xüsusən körpələr üçün nəzərdə tutulan məhsullarda bəzən “təbii”, “vitaminli”, “şəkərsiz” kimi müəyyən sözlər yazılır: 


“Bunlar reklam xarakterli, müştərini cəlb eləmək üçün yazılan sözlərdir. Burada lazımi diqqət yetiriləsi əsas məsələ tərkib hissəsini oxumaqdır. Bu günləri müəyyən işbazlar üçün bu cür qidaları istifadə edən uşaqların sağlamlığı önəmli deyil, onların nə qədər pul qazandığı önəmlidir. Çünki bu günləri reallıqda bəziləri üçün insanların sağlamlıq məsələsini arxa tərəfə keçirib, üzdə olan məsələ isə onların nə qədər pul qazanacaqları məsələsidir. 

Bu baxımdan normal temperatur rejimində saxlanan qidaların saxlanma şəraitini əsas götürülməlidir. Burada yaş göstəricisinə fikir verilməlidir. Yəni məhsul uşağın yaşına uyğun olmalıdır, körpələr üçün nəzərdə tutulmayan məhsul verilməsi düzgün deyil. Bundan əlavə, həddindən artıq duzlu, şirin və ya uşağın ehtiyac duymadığı əlavə komponentlər olan qidanı almaq tövsiyə olunmur”.

Ekspert diqqətə çatdırıb ki, bəzən qidanın üzərində “meyvəli” yazılır:
“Lakin “meyvəli” sözü onun şəkərsiz olması demək deyil. Nəzərə almaq lazımdır ki, istifadə olunan meyvə püresinin və ya meyvə şirənin də tərkibində yüksək miqdarda şəkər olur. Eyni zamanda, uşağınıza alacağınız qidanın qutusunda müəyyən deformasiyalar, kəsikləri və yaxud qapaqda müəyyən açılma olarsa, onu almayın.
 
Digər məsələ həmin qidanın saxlama şəraitidir. Mağazada məhsulun temperatur rejimi, günəş altında saxlanıb-saxlanmamasına diqqət yetirmək lazımdır. Bəzən piştaxtalarda uşaq qidaları pəncərə qarşısında yerləşdirilir və orada şüa birbaşa məhsulun üzərinə düşəndə temperatur rejimi pozula, habelə tərkib hissəsində dəyişikliyə yarana bilir”.

Həmsöhbətimiz əlavə edib ki, uşaq qidasının tərkibindəki allergenlərə də diqqət etmək lazımdır:
“Məsələn, süd, yumurta, soya, qluten, qoz-fındıq və digər allergenlərin olub-olmaması məsələsinə diqqət yetirmək vacibdir. Unutmayın ki, məhsulun üzərində mütləq şəkildə son istifadə tarixi qeyd olunmalıdır. Əgər bu tarix göstərilməyibsə, onu qətiyyən almayın. Çünki belə məhsul uşaqların sağlamlığında ciddi fəsadlar törədə bilərlər. Bağırsağı hələ tam formalaşmamış uşağın bağırsağına yad bir qida düşəndə onda müəyyən allergiyalar və ya problemlər yarana bilər. 

Həmçinin, bəzi uşaqlara meyvəli qidaların istifadəsinə icazə verilmədiyinə də fikir vermək mütləqdir. Sadaladığım kriteriyalara cavab verməyən məhsullar uşağın orqanizmində ciddi fəsadlar yarada bilər. Bundan əlavə, bəzən valideynlər meyvə sularını sadəcə üzərində hər hansı bir uşaq və yaxud hər hansı cizgi filminin qəhrəmanının şəklini görüb alırlar. Birmənalı şəkildə bilmək lazımdır ki, onun tərkibində “təbii meyvə” dediyiniz meyvə komponenti yoxdur. Onda sadəcə meyvə püresi və şəkər var. Ona görə də balaca uşaqlara belə sulardan almayın”.

Pərviz

0