Qəhvə yalnız enerji verən içki deyil, düzgün hazırlandıqda bəzi faydalı xüsusiyyətlərə də malik ola bilər. Lakin onun hazırlanma üsulu və tərkibinə əlavə edilən məhsullar sağlamlığa təsir göstərə bilər.
Hit.az xəbər verir ki, bu barədə Health.com yazıb.
Diyetoloqlar qəhvənin faydasını artırmaq üçün bir sıra tövsiyələr veriblər:
1. Açıq qovrulmuş qəhvəyə üstünlük verin. Belə qəhvədə antioksidantların daha çox ola biləcəyi və qovurma zamanı yaranan akrilamidin miqdarının nisbətən aşağı olduğu bildirilir.
2. Keyfiyyətli dənələr seçin. Mümkün olduqda üzvi qəhvə dənələrindən istifadə etmək tövsiyə olunur. Bu növ qəhvənin antioksidant tərkibinin daha yüksək ola biləcəyi qeyd edilir.
3. Kağız filtrdən istifadə edin. Kağız filtr qəhvədəki kafestol və kahveol kimi, xolesterinin səviyyəsinə təsir göstərə bilən bəzi birləşmələri süzə bilər.
4. Ədviyyatlar əlavə edin. Darçın, zərdəçal və muskat qozu qəhvəyə əlavə dad verməklə yanaşı, əlavə kalori olmadan içkinin qida dəyərini artıra bilər.
5. Şəkərdən mümkün qədər uzaq durun. Mütəxəssislər qəhvəyə çox miqdarda əlavə şəkər qatmağın artıq çəki və qan şəkərinin tənzimlənməsi ilə bağlı problemlər yarada biləcəyini bildirirlər.
6. Süni qaymaq əvəzinə alternativlər seçin. Qəhvəyə çox miqdarda şəkər və doymuş yağ ehtiva edən süni qaymaqlar əlavə etmək əvəzinə süd, badam südü və ya az miqdarda kokos südündən istifadə etmək olar.
7. MCT yağı əlavə etmək mümkündür. MCT yağlarının orqanizm tərəfindən sürətli enerji mənbəyi kimi istifadə oluna bildiyi, xüsusilə aşağı karbohidratlı qidalanmada bunun faydalı ola biləcəyi qeyd edilir.
8. Soyuq dəmlənmiş qəhvəni sınayın. “Cold brew” qəhvəsinin isti hazırlanmış qəhvəyə nisbətən daha az turşuluğa malik ola biləcəyi və bu səbəbdən bəzi insanlar üçün daha uyğun olduğu bildirilir.
9. Porsiyaya diqqət edin. Sağlam böyüklər üçün gündəlik kofein qəbulunun 400 milliqrama qədər olması ümumilikdə təhlükəsiz hesab edilir. Bu səbəbdən qəhvə istehlakında miqdarı da nəzərə almaq vacibdir.
Mütəxəssislər bildirirlər ki, qəhvənin sağlamlığa təsiri yalnız içkinin özündən deyil, ona əlavə olunan şəkər, qaymaq və digər məhsullardan da asılıdır.
Samir


