Beynin mənşəyi ilə bağlı illərdir qəbul edilən fikir dəyişə bilər

SAĞLAMLIQ
14:32 / 23.09.2026
42

İnsan beyninin inkişafı ilə bağlı uzun müddətdir qəbul edilən elmi yanaşma yeni araşdırma ilə sual altına düşüb.

Hit.az xəbər verir ki, Stanford Universitetinin alimləri beynin vahid bir kök hüceyrə qrupundan deyil, inkişafın ilkin mərhələsində bir-birindən ayrılan iki fərqli hüceyrə populyasiyasından yarandığını müəyyən ediblər.

Tədqiqat siçan embrionları üzərində aparılıb. Alimlər beynin ön və arxa hissələrinin fərqli hüceyrə qruplarından inkişaf etdiyini aşkarlayıblar. Ön hissə “ön nöral ektoderm”, arxa hissə isə “arxa nöral ektoderm” adlandırılan hüceyrələrdən formalaşır. Bu iki qrupun genetik xüsusiyyətlərinin və gen ifadələrinin bir-birindən fərqləndiyi müəyyən olunub.

İndiyədək beynin müxtəlif neyron tiplərinin vahid kök hüceyrə populyasiyasının zamanla ixtisaslaşması nəticəsində yarandığı düşünülürdü. Yeni nəticələr isə beynin müxtəlif hissələrinin daha qədim və fərqli inkişaf yollarına malik ola biləcəyini göstərir.

Tədqiqatçılar ön və arxa beyin arasındakı inkişaf fərqinin yüz milyonlarla il əvvələ, müasir mənada mürəkkəb beyinə sahib olmayan qədim dəniz canlılarına qədər uzana biləcəyini ehtimal edirlər. Onların fikrincə, əvvəlcə ayrı fəaliyyət göstərən iki sinir sistemi təkamül prosesində birləşərək vahid beyin strukturunun formalaşmasına səbəb olmuş ola bilər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də arxa beyin neyronlarının laboratoriya şəraitində ilk dəfə uğurla yetişdirilməsidir. Bu hüceyrələr nəfəsalma, udma və hərəkət kimi həyati funksiyaların idarə edilməsində mühüm rol oynayır.

Alimlər hesab edirlər ki, bu hüceyrələrin laboratoriyada əldə edilməsi motor neyron xəstəlikləri və onurğa beyni əzələ atrofiyası kimi xəstəliklərin daha dərindən araşdırılmasına imkan verə bilər.

“Nature Neuroscience” jurnalında dərc olunan araşdırmanın nəticələrinin beynin inkişafı ilə bağlı mövcud elmi modellərin yenidən nəzərdən keçirilməsinə və bəzi nevroloji xəstəliklərin yalnız müəyyən hüceyrə növlərinə təsir etməsinin səbəblərinin öyrənilməsinə töhfə verə biləcəyi bildirilir.

Samir

0