Malayziyanın Kebangsan Universitetinin alimləri depressiya və insanın sosial-iqtisadi vəziyyətinin ədalətsiz davranış qarşısında reaksiyaya necə təsir etdiyini araşdırıblar.
HİT.az xəbər verir ki, “BMC Psychology” jurnalında dərc olunan sistematik icmal və meta-analizin nəticələrinə görə, nə depressiya, nə də gəlir səviyyəsi insanların ədalətsiz təkliflərə reaksiyasını vahid şəkildə müəyyən etmir.
Tədqiqatçılar 18 araşdırmanın nəticələrini təhlil ediblər. İşlərin əsasını “Ultimatum oyunu” kimi tanınan davranış eksperimenti təşkil edib. Bu modeldə iki nəfər pul məbləğini bölüşür: birinci iştirakçı pay bölgüsü təklif edir, ikinci isə təklifi qəbul və ya rədd edə bilər. Təklif rədd edilərsə, hər iki tərəf ödənişdən məhrum olur.
Nəticələr göstərib ki, depressiyadan əziyyət çəkən iştirakçıların davranışı müxtəlif araşdırmalarda fərqlənib. Bəzi təcrübələrdə onlar ədalətsiz təklifləri daha çox rədd edib, digərlərində isə münaqişədən daha çox qaçıblar. Bir sıra tədqiqatlarda isə depressiyası olan və olmayan şəxslər arasında nəzərəçarpacaq fərq aşkarlanmayıb.
Oxşar vəziyyət gəlir səviyyəsində də müşahidə olunub. Daha az gəlir əldə edən insanlar bəzi hallarda ədalətsiz davranışa sərt reaksiya verib, bəzi hallarda isə bərabərsizliyi qəbul ediblər. Ümumiləşdirilmiş nəticələr isə statistik baxımdan əhəmiyyətli vahid davranış nümunəsi göstərməyib.
Alimlər bu müxtəlifliyi emosional və koqnitiv proseslərin qarşılıqlı təsiri ilə izah edirlər. İnsan ədalətsizliyə qarşı güclü mənfi emosiyalar keçirə bilər, lakin eyni zamanda münaqişədən yayınmağa üstünlük verə bilər.
Tədqiqat müəllifləri sosial-iqtisadi vəziyyətlə depressiya arasında da qarşılıqlı əlaqənin ola biləcəyini qeyd edirlər. Maddi çətinliklər və uzunmüddətli stress depressiya riskini artıra, depressiya isə öz növbəsində insanın maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.
Alimlərin fikrincə, bu amillərin ədalətsizlik qarşısında qərarverməyə birgə təsirini daha dəqiq müəyyənləşdirmək üçün genişmiqyaslı yeni araşdırmalara ehtiyac var. Gələcək tədqiqatlarda depressiyanın klinik ağırlığı və iştirakçıların real sosial-iqtisadi vəziyyəti də nəzərə alınmalıdır.
Samir


