Axşam yeməyində zülal, lif və faydalı yağlarla zəngin qidalara üstünlük vermək qan şəkərinin daha sabit qalmasına kömək edə bilər. Diyetoloq-nutritionist Emi Braunşteyn xüsusilə rafinə olunmuş karbohidratların çox olduğu qidaları məhdudlaşdırmağı tövsiyə edir.
HİT.az-ın məlumatına görə, mütəxəssis axşam saatlarında qan şəkərini qorumaq üçün 5 məhsulu önə çıxarıb.
1. Yunan yoqurtu
Yunan yoqurtunun adi yoqurtla müqayisədə daha çox zülal və daha az karbohidrat ehtiva etdiyi bildirilir. Mütəxəssis şəkər əlavə olunmamış təbii yoqurta üstünlük verməyi məsləhət görür. Daha yüksək yağ tərkibli variantlar da karbohidratların daha yavaş sorulmasına kömək edə bilər.
2. Süd və banan
Südün tərkibindəki zülal həzmi yavaşladaraq qlükozanın qana daha tədricən keçməsinə kömək edə bilər. Südü bananla birləşdirmək isə lif və toxluq hissini artırır. Xüsusilə tam yetişməmiş, daha yaşıl bananlarda rezistent nişastanın miqdarı yüksək olur.
3. Alma və qoz-fındıq əzməsi
Alma liflə, xüsusilə pektinlə zəngindir. Onu şəkər əlavə edilməmiş fıstıq və ya digər qoz-fındıq əzməsi ilə birlikdə yemək lif, zülal və faydalı yağların balanslı kombinasiyasını yaradır.
Dietoloq almanı qabığı ilə yeməyi və qoz-fındıq əzməsinin tərkibində əlavə şəkər olmamasına diqqət etməyi tövsiyə edir.
4. Çərəzlər
Badam, püstə, qoz və fıstıq kimi çərəzlərin tərkibində zülal, lif və doymamış yağlar var. Bu qida maddələri həzmi yavaşladaraq qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almağa kömək edə bilər.
Lakin çərəzlərin kalorisi yüksək olduğundan porsiyaya diqqət etmək vacibdir. Mütəxəssis təxminən 28 qram, yəni bir ovuc şəkərsiz və duzsuz çərəzlə kifayətlənməyi məsləhət görür.
5. Sobada bişirilmiş noxud
Noxud zülal və lif baxımından zəngin olduğundan axşam üçün uyğun seçimlərdən biri hesab olunur. Araşdırmalar paxlalıların, o cümlədən noxudun, balanslaşdırılmış qidalanmanın tərkibində qan şəkərinin idarə olunmasına kömək edə biləcəyini göstərir.
Diyetoloqun fikrincə, axşam qəlyanaltısı seçərkən porsiyanın təxminən 150–200 kalori, karbohidratın 15 qram və ya daha az, zülalın 7–15 qram, lifin isə 3–5 qram olmasına diqqət etmək olar. Əlavə şəkərin isə mümkün qədər az olması tövsiyə edilir.
Samir


