Erkən ölüm riskinin gözlənilməz əlaməti açıqlandı

SAĞLAMLIQ
15:43 / 24.09.2026
42

Yonsei Universitetinin tədqiqatçıları məişət işlərini yerinə yetirməkdə yaranan çətinliklərin erkən ölüm riskinin təxminən iki dəfə artması ilə əlaqəli ola biləcəyini müəyyən ediblər. Depressiya əlamətləri isə bu əlaqənin təxminən 16 faizini izah edir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “GeroScience” (GS) jurnalında dərc olunub.

Araşdırmada Cənubi Koreyada yaşayan 45 və daha yuxarı yaşda 6033 nəfərin məlumatlarından istifadə edilib. 2006-2014-cü illər arasında iştirakçılar gündəlik həyat fəaliyyətinin 10 sözdə instrumental növünü yerinə yetirmək üçün nə dərəcədə köməyə ehtiyac duyduqlarını bildiriblər. Bunlara yemək hazırlamaq, paltar yumaq, nəqliyyatdan istifadə, maliyyəni idarə etmək və dərman qəbul etmək daxildir. Bu bacarıqlar insanın müstəqil yaşaması üçün zəruri hesab olunur.

İştirakçıların böyük əksəriyyətində – 5757 nəfərdə və ya 95,4 faizində – məhdudiyyətlər cüzi olaraq qalıb. 276 nəfərlik qrupda isə məhdudiyyətlər tədricən artıb: 20 ballıq şkala üzrə orta göstərici səkkiz il ərzində 1,8-dən 7,3-ə yüksəlib.

Daha sonra tədqiqatçılar depressiya əlamətlərini qiymətləndirib və iştirakçıların ölüm göstəricilərini 2024-cü ilə qədər izləyiblər. Məhdudiyyətləri artan qrupda 276 nəfərdən 187-si, sabit və cüzi məhdudiyyətləri olan iştirakçılar arasında isə 5757 nəfərdən 1067-si vəfat edib.

Yaş, xroniki xəstəliklər, gəlir, fiziki aktivlik və ilkin özünəxidmət bacarıqları nəzərə alındıqdan sonra tədqiqatçılar müstəqilliyi azalan insanlarda ölüm riskinin təxminən iki dəfə artdığını müəyyən ediblər.

Bununla belə, müəlliflər vurğulayırlar ki, araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Artan çətinliklər eyni zamanda ölüm riskini yüksəldən xəstəliklər, fiziki zəiflik və ya digər sağlamlıq problemləri ilə əlaqəli ola bilər.

Depressiya əlamətləri də müstəqilliyin azalmasının nəticəsi ola, yaxud bu prosesdən əvvəl meydana çıxan amil kimi çıxış edə bilər.

Samir

0