Həkim: Belin isidilməsi və masaj zədələnməni ağırlaşdıra bilər

SAĞLAMLIQ
23:13 / 24.09.2026
41

Bağda işlədikdən və ya fiziki yükdən sonra bel nahiyəsində yaranan kəskin ağrı çoxlarına tanışdır. Lakin insanların özlərinə göstərdikləri ilkin yardım çox vaxt səhv və təhlükəli olur. 

HİT.az xəbər verir ki, kəskin bel ağrısı zamanı necə davranmaq və hansı hallarda təcili həkimə müraciət etmək lazım olduğunu “Posturato” klinikasının travmatoloq-ortopedi Salavat Safiullin gazeta.ru-ya açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, səhvlərin əksəriyyəti ağrıyan nahiyəni “isitmək” və ya spazm yaranmış əzələləri “açmaq” istəyindən irəli gəlir. Kəskin ağrı zamanı bu üsullar qəti əks-göstərişdir. İsitmək sinir kökünün şişkinliyini artıra bilər. Dəqiq diaqnoz müəyyən edilmədən masaj etmək fəqərələrin yerdəyişməsinə və ya yırtığın ağırlaşmasına səbəb ola bilər. Turnikdən asılmaq da eyni dərəcədə arzuolunmazdır – onurğanı “dartmaq” cəhdləri fəqərəarası disklərə əlavə yük yaradır.

“Kəskin ağrı zamanı beli isitmək, masaj etmək və turnikdən asılmaq olmaz. Uzun müddət yataq rejimində qalmaq da zərərlidir – iki gündən artıq davam etdikdə əzələlərin atrofiyasına səbəb olur və bu, sağalma prosesini yalnız uzadır”, – deyə Safiullin izah edib.

Bel nahiyəsində kəskin ağrı zamanı ilkin yardım ehtiyatlı olmalıdır. Onurğaya düşən yükü azaltmaq üçün embrion vəziyyətində – böyrü üstə uzanaraq dizləri bükmək lazımdır. Soyuq kompresi parçanın üzərindən 15 dəqiqə tətbiq etmək olar. Ağrını azaltmaq üçün qeyri-steroid iltihabəleyhinə preparatlar qəbul etmək mümkündür, lakin bu, beş gündən artıq olmamalıdır.

Ağrı dizdən aşağı ayağa yayılırsa, pəncədə keyimə və ya zəiflik yaranırsa, yaxud sidik ifrazı pozulursa, təcili həkimə müraciət etmək vacibdir. Bu əlamətlər sinir strukturlarının ciddi zədələnməsinə işarə edə bilər və dərhal tibbi müdaxilə tələb edir.

“Ağrı iki gündən çox davam edirsə və ya güclənirsə, həkimə müraciəti təxirə salmayın. Kəskin bel ağrısı zamanı özbaşına müalicə illərlə narahatlıq yarada biləcək xroniki problemlərə gətirib çıxara bilər”, – deyə Safiullin xəbərdarlıq edib.

Hər pasiyentdə ağrının səbəbi fərqli ola bilər – əzələ spazmından tutmuş fəqərəarası yırtığa qədər. Buna görə də müalicə taktikası yalnız həkim müayinəsindən və zərurət yarandıqda instrumental diaqnostikadan sonra müəyyən edilməlidir. Rentgen və ya MRT ağrının səbəbini dəqiq müəyyənləşdirməyə və ağırlaşmaların qarşısını almağa kömək edə bilər.

“Ağrıya "dözməyə" çalışmaq və ya özünüzə diaqnoz qoymaq düzgün deyil. Bu, çanaq orqanlarının funksiyalarının və hərəkət qabiliyyətinin pozulmasına qədər ciddi nəticələrə səbəb ola bilər”, – deyə həkim yekunlaşdırıb.

Samir
 

0