Bioloqlar genişlənmiş məsamələrin və qara nöqtələrin səbəblərini açıqladı

SAĞLAMLIQ
21:57 / 25.09.2026
38

Pekin Texnologiya və Kommersiya Universitetinin alimləri həmkarları ilə birlikdə dərialtı piyin (sebumun) ifrazına, məsamələrin genişlənməsinə və komedonların (qara nöqtələrin) yaranmasına cavabdeh olan səkkiz əsas gen müəyyən ediblər. 

HİT.az xəbər verir ki, “Nature Scientific Reports” jurnalında dərc olunan araşdırmanın nəticələri akneyə qarşı hədəfli kosmetik vasitələrin və dərmanların hazırlanmasına kömək edə bilər.

Təcrübədə müxtəlif dəri tiplərinə malik 24 çinli qadın iştirak edib. Mütəxəssislər mikroiynələr vasitəsilə ağrısız şəkildə hüceyrə nümunələri götürərək transkriptom analiz aparıblar, yəni genlərin aktivliyini öyrəniblər. Alimlər quru dərili və məsamələri görünməyən şəxslərdən yağlı dərisi və komedonları olan qadınlara qədər dörd könüllü qrupunu müqayisə edərək dəri problemlərinin inkişafının hər mərhələsində gen ekspressiyasının necə dəyişdiyini izləyiblər.

Məlum olub ki, piyin həddindən artıq ifrazına EXOC3 və TGFA genləri cavabdehdir. Bu genlər lipid sintezini başladır və piyin epidermisin səthinə ifrazını sürətləndirir.

Məsamələrin genişlənməsi isə kollageni parçalayan, dərinin strukturunu zəiflədən və lokal iltihaba səbəb olan ALOX5, RIPOR2 və ITGA2 molekullarının aktivliyi ilə əlaqələndirilib.

Komedonların özünün yaranmasına isə BMP4, TENT5A və CD28 genlərinin fəaliyyəti səbəb olur. Bu genlər hüceyrələrin anormal bölünməsinə və follikulların ağız hissəsində piy tıxaclarının toplanmasına təsir göstərir.

“Bu genlərin aktivliyinin məqsədyönlü şəkildə tənzimlənməsi məsamələrlə bağlı problemlərin həlli üçün effektiv strategiyaya çevrilə bilər”, tədqiqatın həmmüəllifi Yao Pan bildirib.

Genişlənmiş məsamələr və akne bütün yaş və millətlərdən olan insanlarda, xüsusilə yağlı dəriyə sahib şəxslərdə müşahidə olunur və çox vaxt ciddi psixoloji narahatlıq yaradır. Ənənəvi kosmetologiyada bu problemlərlə əsasən aqressiv skrablar, turşular və sorbentlər kimi xarici vasitələrlə mübarizə aparılırdı. Lakin bu üsullar yalnız müvəqqəti nəticə verə bilir.

Alimlərin müəyyən etdiyi konkret molekulyar mexanizmlər kosmetik qüsurların əsl səbəbinin mürəkkəb hüceyrə siqnal yollarının pozulması və xroniki mikroitihabla əlaqəli olduğunu göstərir.

Yeni yanaşma dəqiq dermatologiyanın inkişafına yol aça bilər. Bu istiqamətdə hazırlanacaq innovativ vasitələrin birbaşa genetik markerlərə təsir göstərərək iltihabın yaranmasına səbəb olan mexanizmlərin qarşısını alması nəzərdə tutulur.

Samir

0