D vitamini orqanizm üçün vacib maddələrdən biridir. O, sümüklərin sağlamlığının, immun sisteminin normal fəaliyyətinin və əhval-ruhiyyənin qorunmasında rol oynayır. Lakin bu vitaminin kifayət qədər alınması hər zaman asan olmur.
HİT.az xəbər verir ki, diyetoloq Maqdalena Konovrotskanın sözlərinə görə, D vitamini qidalarda əsasən iki formada – D2 və D3 şəklində olur. Qida vasitəsilə gündəlik tələbatın yalnız müəyyən hissəsini qarşılamaq mümkündür, D vitamininin böyük hissəsi isə günəş işığının təsiri ilə dəridə sintez olunur.
Diyetoloq xüsusilə yağlı dəniz balıqlarını D vitamininin ən zəngin mənbələri sırasında göstərib. Məsələn, təzə ilanbalığında 100 qramda təxminən 1200 IU, vəhşi qızılbalıqda 600-1000 IU, yağda siyənəkdə 800 IU, bişmiş və ya sobada hazırlanmış qızılbalıqda isə 540 IU D vitamini var.
Bundan başqa, marinad edilmiş siyənəkdə 480 IU, konservləşdirilmiş tuna və sardina balığında 200 IU, təzə halibutda 200 IU, bişmiş skumbriyada 152 IU, treskada isə 40 IU D vitamini olduğu qeyd edilir.
Yumurta sarısı da D vitamini mənbələrindən biridir. Həmçinin hinduşka və toyuq əti, mal və donuz qaraciyəri, donuz böyrəyi, süd və süd məhsullarında daha az miqdarda bu vitaminə rast gəlinir.
D vitamininin D2 formasını isə bəzi göbələklərdən almaq mümkündür. Mütəxəssislərə görə, günəş işığına daha çox məruz qalan yabanı göbələklərdə bu vitaminin miqdarı yüksək olur. Ağ göbələklərdə 100 qramda 280 IU, tülküqulağı göbələyində 240 IU, şampinyonda 80-160 IU, şitake göbələyində isə 100 IU D vitamini olduğu bildirilir.
Diyetoloq qeyd edir ki, D vitamini ilə zəngin qidaları rasiona əlavə etmək faydalı olsa da, orqanizmin ümumi ehtiyacının yalnız qida ilə tam qarşılanması mümkün olmaya bilər.
Samir


