Oynaq problemlərini yüngülləşdirmək və qığırdaq toxumasını dəstəkləmək məqsədilə geniş istifadə olunan qlükozamin əlavəsi alimlərin diqqətini çəkib. ABŞ-da aparılan yeni araşdırma onun artıq koqnitiv zəifləmə əlamətləri olan insanlarda demensiyanın gedişinə təsir göstərə biləcəyini ortaya qoyub.
HİT.az xəbər verir ki, Florida Universitetinin alimlərinin apardığı tədqiqatın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.
Tədqiqatçılar qlükozamin istifadəsi ilə Altsheymer xəstəliyinin daha sürətli irəliləməsi arasında mümkün əlaqə müəyyən ediblər. Araşdırmada həmçinin bu xəstəliklə yaşayan insanlar arasında ölüm riskinin yüksələ biləcəyi müşahidə olunub.
Qlükozamin xüsusilə yaşlı insanlar arasında geniş istifadə olunur. Əlavə əsasən oynaq ağrılarının azaldılması və qığırdaq toxumasının qorunmasına dəstək məqsədilə qəbul edilir. Uzun müddət nisbətən təhlükəsiz hesab edilən bu maddə ilə bağlı yeni nəticələr isə onun beyin metabolizminə mümkün təsirlərini gündəmə gətirib.
Alimlərin diqqəti xüsusilə artıq ilkin koqnitiv pozulma əlamətləri müşahidə olunan insanlara yönəlib. Onlar qlükozaminin beyində gedən metabolik proseslərlə əlaqəsinin demensiyanın inkişafına təsir göstərə biləcəyini düşünürlər.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr qlükozaminin Altsheymer xəstəliyini mütləq sürətləndirdiyini göstərmir. Bununla belə, müəyyən edilən əlaqə əlavənin koqnitiv pozulması olan insanlar üçün mümkün risklərinin daha ətraflı araşdırılmasına ehtiyac olduğunu göstərir.
Mütəxəssislər qlükozamin və digər əlavələrin istifadəsi ilə bağlı xüsusilə xroniki xəstəlikləri və ya müntəzəm qəbul etdikləri dərmanları olan insanların həkimlə məsləhətləşməsinin vacibliyini vurğulayırlar.
Samir


