Yağışlı və buludlu günlərin başlaması ilə bir çox insan tez-tez yaranan baş ağrılarını hava şəraitinin dəyişməsi ilə əlaqələndirir. Lakin miqrenə və ya damar spazmlarına meyilli insanlar üçün ətraf mühitdəki dəyişikliklər güclü fizioloji tətik rolunu oynaya bilər.
HİT.az xəbər verir ki, bu barədə nevroloq, psixiatr və tibb elmləri namizədi Tatyana Vinogradova bildirib.
Ekspertin sözlərinə görə, payız damar tonusunun dəyişməsinə səbəb olur: damarlar gah daralır, gah da genişlənir və bu, ağrını tətikləyə bilər.
“Miqrenə irsi meyli olan insanlarda damarların baroreseptorları və beynin qişalarındakı ağrı reseptorları atmosfer təzyiqinin dəyişməsinə reaksiya verir. Neyrogen iltihab mexanizmi işə düşür. İnsan bunu başda gərginlik və dolğunluq hissi, döyüntü, ənsə və ya göz nahiyəsində təzyiq kimi hiss edir”, — Vinogradova izah edib.
Gün işığının azalması ağrının təbii tənzimləyicisi olan serotoninin ifrazını azaldır və həssaslıq həddini dəyişir. Eyni zamanda melatoninin sutkalıq ifrazı pozulur, yuxu isə parçalanmış və səthi xarakter alır.
“Birincili ağrı növlərinə meyilli insan üçün səhərlər özünü halsız və yorğun hiss etmək tutmanın başlaması üçün etibarlı tətikləyici mexanizmdir”, — ekspert qeyd edib.
İş rejiminə qayıdış kortizol səviyyəsini artırır və çiyin qurşağının yuxarı hissəsindəki əzələlərdə spazma səbəb ola bilər. Bu isə gərginlik tipli baş ağrılarını, servikogen ağrıları və miqreni şiddətləndirir. Bundan əlavə, payız mövsümi infeksiyalar və sinusitlərin geniş yayıldığı dövrdür. İltihabi proses isə ikincili baş ağrısına səbəb ola bilər.
Əksər hallarda mövsümi narahatlığı nəzarətdə saxlamaq mümkündür. Lakin ağrının xarakterinin kəskin şəkildə dəyişməsi damar fəlakətinə işarə edə bilər.
“Həkimə təcili müraciət edilməsini tələb edən əlamətlər üz asimmetriyası, qol və ya ayaqda zəiflik və ya keyimə, nitqin pozulması, şüurun qarışması, gözlərdə ikiləşmə, görmə və ya eşitmənin qəfil itməsi, koordinasiyanın pozulmasıdır”, — həkim xəbərdarlıq edib.
Gecə yarısı yuxudan oyadan, öskürək zamanı şiddətlənən və ya adi dərmanlarla keçməyən ağrılara da xüsusi diqqət yetirilməlidir.
Profilaktika məqsədilə ekspert yuxu rejiminə riayət etməyi, kifayət qədər maye qəbul etməyi, boyun və çiyinlər üçün hərəkətlər etməyi, havanı nəmləndirməyi və baş ağrısı gündəliyi aparmağı tövsiyə edir.
Samir


