“Bəzi insanlar hündür yerə çıxdıqda başlarının gicəlləndiyini, ayaqlarının boşaldığını və yıxılacaqları hissini yaşayırlar”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hətta təhlükəsiz bir yerdə olsalar belə, aşağı baxmaq onlarda güclü qorxu yarada bilər:
“Psixologiyada buna Akrofobiya deyilir. Bunun səbəbi hündürlükdə beynimiz vəziyyəti təhlükə kimi qəbul edə bilər. Bu zaman bədən avtomatik olaraq qorxu reaksiyası verir: ürək daha sürətli döyünür, nəfəs dəyişir, əzələlər gərilir və başgicəllənmə yarana bilər. Ən çox rast gəlinən fikir isə “indi yıxılacağam” düşüncəsidir. Əslində insanın qorxduğu hər şey real təhlükə demək deyil. Bəzən beyin təhlükəni olduğundan daha böyük qəbul edir”.
Ekspert qeyd edib ki, qorxu artdıqca insan daha çox gərginləşir və bunun da başgicəllənmə və qeyri-sabitlik hissini gücləndirmə ehtimalı yüksəkdir:
“Akrofobiyanın müxtəlif səbəblərdən yaranması mümkündür. Keçmişdə hündürlükdə yaşanmış qorxulu hadisə, uşaqlıqda formalaşan qorxular, yaxın insanların reaksiyaları və ya insanın təhlükəni çox düşünməsi buna təsir edə bilər.
Bir başqa səbəb isə qaçmaqdır. İnsan hər dəfə hündür yerdən uzaqlaşdıqda həmin an rahatlaşır. Amma beyin bunu “deməli, bu vəziyyət həqiqətən təhlükəlidir” kimi öyrənə bilər. Nəticədə qorxunun zamanla daha da güclənməsi mümkündür”.
Ülviyyə Ağazadə vurğulayıb ki, psixoterapiyada isə məqsəd insanı qorxduğu vəziyyətə məcbur etmək deyil:
“Əvvəlcə qorxunun səbəbləri və onu gücləndirən düşüncələr üzərində işlənilir. Daha sonra vəziyyətlə tədricən və təhlükəsiz şəkildə qarşılaşmaq öyrənilir. Koqnitiv-davranış terapiya bu istiqamətdə istifadə olunan yanaşmalardandır. Yəni məqsəd “heç vaxt qorxmayacağam” demək deyil.
Məqsəd qorxu gəldikdə onu idarə edə bilmək və beynə “mən təhlükəsizəm və bu hissin öhdəsindən gələ bilərəm” mesajını öyrətməkdir. Akrofobiya üzərində işləmək mümkündür. Əsas məsələ qorxudan qaçmaq yox, onun necə yarandığını anlamaq və doğru şəkildə üzərində işləməkdir”.
Pərviz


