Böyrəklər normal işlədikdə orqanizmdə maye və qida maddələrinin lazımi balansı qorunur və bu, onun düzgün fəaliyyətini təmin edir. Böyrək xəstəlikləri isə bu balansı poza bilər. Lakin belə xəstəliklər çox vaxt simptomsuz keçir.
HİT.az xəbər verir ki, bu barədə “Parade” yazır.
Nefroloq Akşta Payın izahına görə, insanların əksəriyyəti böyrəklərində problem olduğunu vəziyyət kritik həddə çatana qədər hiss etmir. Bununla belə, diqqət yetirilməli olan mühüm “xəbərdarlıq siqnalları” var.
Xüsusilə ayaqlarda yaranan şişkinlik böyrək xəstəliyinin əlamətlərindən biridir. Lakin doktor Payın sözlərinə görə, bu əlamət ürək problemlərindən də xəbər verə bilər. Nefroloq böyrək xəstəliyinin bir çox insanın fərqinə varmadığı və ya görməzdən gəldiyi başqa bir əlamətini də vurğulayır.
Onun sözlərinə görə, sidikdə köpük yaranması böyrək xəstəliyinə işarə edə bilər. Çünki köpüklü sidik zülal sızmasını göstərə bilər. Zülal sızmasının ən geniş yayılmış səbəbi diabet və ya yüksək arterial təzyiq nəticəsində böyrəklərin zədələnməsidir.
Bununla yanaşı, ciddi böyrək problemləri ilə əlaqəli köpüyün xarakterik görünüşü olur.
“Bəzi insanlar bunu sabun köpüyünə bənzədir: qabarcıqlar bir-birinə yapışır və qab yuyarkən olduğu kimi uzun müddət səthdə qalır. Digərləri isə belə köpüyü təzəcə stəkana süzülmüş pivənin üzərində yaranan təbəqə ilə müqayisə edir: köpük çökmür və bir-birinə yapışmış xırda qabarcıqlar görünür”, – doktor Pay izah edib.
Bəzən sidikdə köpük güclü sidik axını və ya xaric edilən mayenin böyük həcmi səbəbindən də yarana bilər. Lakin diqqətlə baxdıqda qabarcıqların tez yox olduğu görünürsə, çox güman ki, ciddi narahatlıq üçün əsas yoxdur.
Doktor Pay həkimə müraciət etməyi tövsiyə edir. Mütəxəssis sidik nümunəsi götürərək onun tərkibində zülalın miqdarını yoxlayacaq. Əgər zülalın səviyyəsi icazə verilən normanı keçərsə, təkrar analiz aparılması və ya 24 saat ərzində sidiyin toplanması tələb oluna bilər.
Terapevtlər və nefroloqlar böyrəklərin filtrasiya funksiyasını qiymətləndirmək üçün qanda kreatinin səviyyəsinin müəyyənləşdirilməsi üzrə analiz də təyin edə bilərlər.
“Erkən mərhələdə müayinədən keçsək, xəstəliyin inkişafını uzun müddət dayandıracaq effektiv preparatlar təyin edə bilərik”, – doktor Pay bildirib.
Samir


