Diyetoloqlar bağırsaqlar üçün ən faydalı meyvəni açıqladı

SAĞLAMLIQ
14:14 / 29.09.2026
48

Kivi tərkibində həm həll olunan, həm də həll olunmayan liflərin olması sayəsində qəbizlik zamanı almadan daha effektiv kömək edə bilər. Bu liflər suyu saxlayır və nəcisin konsistensiyasını yaxşılaşdırır. 

HİT.az xəbər verir ki, Sent-Klaud Dövlət Universitetindən Marsi Vaskes və Radford Universitetindən Monika Amburn bu barədə "Health" jurnalı ilə söhbətdə məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, dörd həftə ərzində gündə iki kivi yemək funksional bağırsaq pozuntuları olan insanlarda qəbizlik əlamətlərini azalda bilər. Bunun mümkün mexanizmlərindən biri kivinin tərkibindəki liflərin xüsusiyyətləri ilə bağlıdır. Bu liflər alma və hətta buğda kəpəyindəki liflərlə müqayisədə daha çox su saxlaya və özünə çəkə bilir. Nəticədə nəcisin həcmi artır və konsistensiyası yaxşılaşır, bu da bağırsaqların müntəzəm boşalmasını asanlaşdırır.

“Həmçinin kivinin tərkibində aktinidin adlı ferment var. O, zülalların parçalanmasında iştirak edir və qidanın həzminə kömək edə bilər”, – həkimlər izah ediblər.

Mütəxəssislərin sözlərinə görə, alma da bağırsaqların normal fəaliyyətini dəstəkləyə bilər, lakin təsir mexanizmi bir qədər fərqlidir. Almalar suyu saxlayan və nəcisin yumşalmasına kömək edən həll olunan lif – pektinlə zəngindir. Buna görə də alma qəbizliyə meyilli insanlar üçün faydalı ola bilər, lakin onun nəcisin həcminə və konsistensiyasına təsiri kivinin təsirindən fərqlənir.

Ambern qeyd edib ki, bəzi araşdırmalarda gündə iki kivinin təsiri lif tərkibli qida əlavələrindən daha nəzərəçarpan olub. Bununla belə, orqanizmin qidalara reaksiyası fərdi xarakter daşıyır və rasiondakı ümumi lif və maye miqdarından asılıdır.

Qəbizlik zamanı mütəxəssislər yalnız ayrı-ayrı məhsulları deyil, bütövlükdə qidalanma rejimini nəzərə almağı tövsiyə edirlər. Kifayət qədər su, tərəvəz, meyvə və digər lif mənbələrinin qəbulu bağırsaqların normal fəaliyyətini qorumağa kömək edir.

Qəbizlik uzun müddət davam edirsə və ya mütəmadi olaraq təkrarlanırsa, həkimə müraciət etmək tövsiyə olunur. Çünki buna bəzi xəstəliklər və ya müəyyən dərmanların qəbulu səbəb ola bilər.

Samir

0