Qırmızı ətdəki şəkər molekulu şəkərli diabet riskini artıra bilər

SAĞLAMLIQ
23:15 / 30.09.2026
54

Əsasən qırmızı ətdə olan Neu5Gc şəkər molekulu 2-ci tip şəkərli diabetin inkişafı riskini artıra bilər. Bu molekulu ən çox qəbul edən insanlarda xəstəliyin inkişaf ehtimalı qırmızı əti nadir hallarda qida rasionuna daxil edənlərlə müqayisədə 63 faiz yüksək olub. 

HİT.az xəbər verir ki, tədqiqatın ilkin nəticələri Milanda keçirilən Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik toplantısında təqdim edilib.

Tədqiqatçılar Fransada aparılan uzunmüddətli NutriNet-Santé araşdırmasının 89 953 yetkin iştirakçısının məlumatlarını təhlil ediblər. Könüllülərin orta yaşı 42 olub, onların 79 faizi qadınlardan ibarət olub. Tədqiqatın başlanğıcında iştirakçıların heç birində diabet olmayıb. 7,2 illik müşahidə müddətində 966 yeni xəstəlik halı qeydə alınıb.

Araşdırma zamanı iştirakçılar qidalanma gündəlikləri doldurublar və alimlər qida ilə orqanizmə daxil olan Neu5Gc miqdarını qiymətləndiriblər. Bu molekulun qəbulu artdıqca 2-ci tip şəkərli diabet riski də yüksəlib. Yaş, cins, fiziki aktivlik, qidalanmanın keyfiyyəti, siqaret çəkmə və digər amillər nəzərə alındıqdan sonra da bu əlaqə qorunub. Bədən kütləsi indeksi nəzərə alındıqda əlaqə zəifləsə də, statistik baxımdan əhəmiyyətli olaraq qalıb.

Alimlərin sözlərinə görə, Neu5Gc əksər məməlilərin öz orqanizmində istehsal etdiyi şəkər növüdür. Lakin insan orqanizmi qədim genetik mutasiya nəticəsində bu qabiliyyəti itirib. Buna görə də qida ilə qəbul edilən Neu5Gc immun sistemi tərəfindən yad molekul kimi qəbul edilə bilər. Molekul toxumalarda toplana və alimlərin xroniki iltihabla əlaqələndirdiyi immun reaksiyaya səbəb ola bilər.

Bununla belə, nəticələr Neu5Gc-nin birbaşa diabetə səbəb olduğunu sübut etmir. Ümumi qırmızı ət istehlakı nəzərə alındıqdan sonra əlaqənin zəifləməsi ət məhsullarının tərkibindəki digər komponentlərin də təsir göstərə biləcəyinə işarə edir.

Tədqiqatçılar süd məhsullarından alınan Neu5Gc ilə 2-ci tip şəkərli diabet arasında əlaqə aşkarlamayıblar. Müəlliflər gələcək araşdırmalarda Neu5Gc-yə qarşı anticisimlərin və xroniki iltihabın rolunun qiymətləndirilməsinin vacib olduğunu hesab edirlər.

Samir

0