Tərəvəz yeməyinə bütöv yumurta əlavə etmək onların tərkibindəki karotinoidlərin orqanizm tərəfindən mənimsənilməsini üç-dörd dəfə artıra bilər. Alimlər 17 qadının iştirakı ilə aparılan təcrübədən sonra bu qənaətə gəliblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Food & Function” jurnalında dərc olunub.
Karotinoidlərə lutein, zeaksantin və beta-karotin kimi bitki piqmentləri daxildir. Onların bəziləri antioksidant xüsusiyyətlərə malikdir, yəni hüceyrələr üçün zərərli olan sərbəst radikalları zərərsizləşdirir. Karotinoidlər həmçinin göz sağlamlığının qorunmasına və orqanizmin infeksiyalara qarşı müqavimətinin artmasına kömək edir.
Təcrübə iştirakçıları nəzarətli pəhrizin iki mərhələsindən keçiblər. Birinci mərhələdə onlar əlavə məhsul olmadan hazırlanmış tərəvəz yeməyi yeyiblər. İkinci mərhələdə isə həmin yeməyə 100 qram bişirilmiş bütöv yumurta əlavə edilib. Tərəvəzlərdə təxminən 27 mq karotinoid olduğu halda, yumurtalarda bu göstərici cəmi 0,5 mq təşkil edib.
Yeməkdən sonra alimlər 10 saat ərzində iştirakçılardan qan nümunələri götürərək karotinoidlərin nə qədərinin orqanizmə daxil olduğunu qiymətləndiriblər. Tərəvəzlərə yumurta əlavə edildikdə karotinoidlərin mənimsənilmə göstəricisi təxminən üç-dörd dəfə artıb.
“Bu effekti yalnız yumurtanın özündə olan karotinoidlərlə izah etmək mümkün deyil. Bütöv yumurtanın tərkibi, xüsusilə tərəvəzlərdəki yağda həll olunan birləşmələrin orqanizm tərəfindən mənimsənilməsinə kömək edən yağlar rol oynaya bilər”, – alimlər qeyd ediblər.
Tədqiqatçılar həmçinin yumurta əlavə edilməsinin tərəvəz yeməyindəki D2 vitamininin mənimsənilməsinə təsir edib-etmədiyini yoxlayıblar. Onlar belə bir təsirin olduğuna dair etibarlı sübut aşkarlamayıblar.
Müəlliflər qeyd edirlər ki, tədqiqat kiçikmiqyaslı olub və yalnız qadınların iştirakı ilə aparılıb. Buna görə də nəticələrin daha genişmiqyaslı təcrübələrdə təsdiqlənməsi tələb olunur. Bununla belə, əldə edilən məlumatlar tərəvəzləri bütöv yumurta ilə birlikdə qəbul etməyin bəzi faydalı bitki mənşəli birləşmələrin orqanizm üçün əlçatanlığını artırmağın sadə üsulu ola biləcəyini göstərir.
Samir


