“Münasibətdə bir tərəf qarşı tərəfin etdiyi səhvləri davamlı olaraq görməzdən gəlir, tez bağışlayır, incikliyini ifadə etmir və hər dəfə “boş ver, böyütməyim” deyərək məsələni bağlayırsa, zaman keçdikcə münasibətdə müəyyən bir davranış nümunəsi formalaşa bilər”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, qarşı tərəf şüurlu şəkildə olmasa belə, etdiyi davranışların ciddi nəticəsinin olmadığını öyrənə bilər:
“Yəni sərhəd pozulur, amma sərhədin pozulmasının qarşılığında heç bir dəyişiklik baş vermir. Bunun arxasında müxtəlif psixoloji səbəblər dayana bilər. Bəzi insanlar konflikt yaşamaqdan qorxduqları üçün susurlar.
Münasibətin pozulacağından, qarşı tərəfin uzaqlaşacağından və ya onları sevməyəcəyindən ehtiyat edirlər. Bəzilərində isə uşaqlıqdan gələn “səbr et”, “ailə üçün dözmək lazımdır”, “problemi böyütmə” kimi inanclar güclü olur. İnsan öz ehtiyaclarını və hisslərini ikinci plana keçirərək münasibəti qorumağı əsas məqsədə çevirir”.
Ekspert qeyd edib ki, digər səbəb isə öz dəyərini münasibətin davam etməsi ilə əlaqələndirməkdir:
“İnsan düşünə bilər ki, “Mən bağışlamasam, yaxşı həyat yoldaşı olmayacağam”, “Mən anlayışlı olmalıyam”, “Əgər bunu da bağışlamasam, məni itirə bilər”. Bu zaman bağışlama artıq seçim deyil, qorxudan yaranan davranışa çevrilir. Burada çox vacib bir məqam var: bağışlamaqla sərhədsiz şəkildə hər şeyi qəbul etmək eyni şey deyil.
Sağlam bağışlama davranışın məsuliyyətinin götürülməsi və dəyişiklik üçün addım atılması ilə birlikdə olur. Əgər hər dəfə eyni davranış təkrarlanırsa, üzr istənilir, sonra yenidən eyni şey baş verirsə, problem artıq təkcə həmin hadisə deyil, münasibətdə formalaşmış davranış dövrəsidir”.
Onun sözlərinə görə, ilk növbədə insan özünə sual verməlidir:
“Deməlidir ki, “Mən həqiqətən bağışladım, yoxsa sadəcə konflikt yaranmasın deyə susdum? Mən bu davranışı qəbul edirəm, yoxsa qarşı tərəfi itirməkdən qorxduğum üçün dözürəm?” İkinci addım hissləri və ehtiyacları açıq şəkildə ifadə etməkdir.
Qarşı tərəfin nə etdiyini ümumi şəkildə deyil, konkret göstərmək lazımdır. “Sən həmişə belə edirsən” əvəzinə “Bu davranış baş verdikdə mən özümü dəyərsiz və eşidilməmiş hiss edirəm və bunun təkrarlanmasını istəmirəm” demək daha sağlam ünsiyyətdir”.
Psixoloq vurğulayıb ki, üçüncü addım sərhəd müəyyən etməkdir:
“Sərhəd qarşı tərəfi idarə etmək deyil. Sərhəd “sən bunu edə bilməzsən”dən çox, “bu davranış təkrarlanarsa, mən belə reaksiya verəcəyəm” deməkdir. Çünki sərhəd qarşı tərəfin davranışına nəzarət etmək üçün deyil, insanın özünü qoruması üçündür. Ən əsası isə sözə deyil, davranışa baxmaqdır. İnsan üzr istəyə bilər, amma münasibətdə əsas göstərici sonrakı davranışın dəyişib-dəyişməməsidir.
Sağlam münasibətdə anlayış, səbir və bağışlama mütləqdir, amma bunların yanında hörmət, məsuliyyət və sərhəd də olmalıdır. Çünki hər şeyi susaraq qorumağa çalışdığımız münasibətdə bəzən münasibəti deyil, qarşı tərəfin bizə necə davranmasına icazə verdiyimizi qoruyuruq”.
Pərviz



