Həkimlərimizin sayı niyə azalır?

SAĞLAMLIQ
13:13 / 30.09.2026
168

Azərbaycanda son bir ildə həkimlərin ümumi sayında azalma qeydə alınıb. 

2025-ci ilin əvvəlində ölkədə 35 233 həkim çalışdığı halda, 2026-cı ilin əvvəlində bu rəqəm 34 776 nəfər olub. Yəni bu, bir il ərzində 457 həkimlik, təxminən 1,3 faizlik azalma deməkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, azalma ayrı-ayrı ixtisaslarda daha ciddi olub. Ən nəzərəçarpan dəyişiklik terapevt, pediatr və cərrahların sayında müşahidə edilib.

Belə ki, terapevtlərin sayı 8 910-dan 8 294-ə, pediatrların sayı 3 670-dən 3 274-ə, cərrahların sayı isə 3 722-dən 3 543-ə enib. Bu rəqəmlər səhiyyə sistemində xüsusilə əsas tibbi ixtisaslar üzrə kadr təminatı məsələsini yenidən gündəmə gətirir. 

Bəs həkimlərin, xüsusən terapevt, pediatr və cərrahların sayındakı azalmanın əsas səbəbləri nələrdir?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda həkimlərin xaricdə işləməyə üz tutması səhiyyə sistemi üçün diqqət tələb edən məsələlərdəndir: 

411207

“Xüsusilə Almaniya, Böyük Britaniya, Fransa, ABŞ və Türkiyə kimi ölkələrdə çalışmağa gedən mütəxəssislərin bir hissəsi sonradan Azərbaycana qayıtmır. Həkimləri ölkədən getməyə sövq edən amillər arasında həm iş şəraiti, həm də peşəkar inkişaf imkanlarının məhdudluğu yer alır. Xüsusilə karyerasının ilk mərhələsində olan gənc mütəxəssislər üçün yeni bilik və təcrübə qazanmaq imkanlarının artırılması vacibdir. 

Xaricdə təhsil və təcrübə keçmiş həkimlərin Azərbaycana qayıtması təşviq edilməli, ölkədəki tibbi kadr potensialından maksimum istifadə olunmalıdır. Eyni zamanda regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün mütəxəssislərin rayonlarda işləməsinə əlavə stimullar yaradılmalıdır”.

Həmsöhbətimiz onu da əlavə edib, iş qabiliyyəti və işləmək istəyi olan 65 yaşdan yuxarı mütəxəssislərin təcrübəsindən səhiyyə sistemində istifadə edilməsi mümkündür:

“İcbari tibbi sığortanın tətbiqindən sonrakı dövrdə tibbi kadr itkisi problemidir və mövcud mütəxəssis potensialı qorunmalıdır. Səhiyyə sahəsində formalaşmış insan resurslarının itirilməsinə yol verilməməli, hər bir ixtisaslı mütəxəssisin ölkənin səhiyyə sisteminə töhfə verməsi üçün uyğun imkanlar yaradılmalıdır”.

Sevinc

0