Yumurtanın aşağı karbohidrat tərkibinə görə qan şəkərinin səviyyəsinə kəskin təsir göstərmədiyi bildirilir.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşrində yayımlanan məlumatlara istinadən UNİAN yazıb.
Mütəxəssislərin fikrincə, yumurta diabetdən əziyyət çəkən insanların da qida rasionunun bir hissəsi ola bilər. Tərkibində karbohidratın az, zülal və yağın isə nisbətən çox olması onun qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olmamasına imkan verir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bir ədəd iri yumurtada təxminən 6,2 qram zülal, 5 qram yağ və 0,5 qram karbohidrat var.
Məqalədə qeyd olunur ki, sadə karbohidrat və şəkərlə zəngin qidalardan fərqli olaraq, yumurta qanda qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bu səbəbdən onun daha sabit enerji təmin edə biləcəyi bildirilir.
Yumurtanın başqa hansı faydaları var?
Yumurtanın sarısının tərkibində C vitamini istisna olmaqla, demək olar ki, bütün əsas vitaminlərin olduğu qeyd edilir. “Nutrients” jurnalında dərc olunan araşdırmaya əsasən, gündə iki yumurta istehlakı bəzi vitaminlərə olan gündəlik tələbatın təxminən 10-30 faizini təmin edə bilər.
Yumurta həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir.
Bəzi araşdırmalar yumurta istehlakının acqarına qan şəkərinin göstəricilərinə müsbət təsir göstərə biləcəyini də göstərib. Bununla belə, mütəxəssislər yumurtanın diabetin müalicəsi vasitəsi kimi qəbul edilməməli olduğunu vurğulayırlar.
Diabeti olanlar yumurta yeyə bilər?
Məqalədə yumurtanın diabet xəstələri üçün tövsiyə olunan qidalanma planlarına daxil edilə biləcəyi bildirilir. Lakin qidalanma planı insanın ümumi sağlamlıq vəziyyətindən və yanaşı xəstəliklərindən asılı olaraq dəyişə bilər.
Mütəxəssislər diabeti olan şəxslərə fərdi qidalanma planı hazırlamaq üçün həkim və ya diabet üzrə mütəxəssislə məsləhətləşməyi tövsiyə edirlər.
Qeyd edək ki, yumurtanın necə hazırlanması da onun qida dəyərinə təsir göstərə bilər. Araşdırmalarda yumurtanın müxtəlif bişirilmə üsullarından sonra tərkibindəki D vitamininin fərqli miqdarda qorunduğu müəyyən edilib.
Samir


