Yapon qadınların qidalanma vərdişləri onların arıq qalmasının səbəblərindən biri kimi göstərilir.
Qaynarinfo xəbər verir ki, UNİAN bununla bağlı yazı dərc edib.
Məlumata görə, Yaponiyada bir çox insan qida rasionunda kaloriləri dəqiq hesablamaq və məhsulları tərəzidə çəkmək əvəzinə porsiyaların ölçüsünə diqqət yetirir.
Onların istifadə etdiyi üsullardan biri “ovuc prinsipi”dir. Bu yanaşmaya əsasən, balıq, ət, tofu kimi zülal mənbələrinin porsiyası təxminən ovuc böyüklüyündə olmalıdır. Tərəvəz üçün isə daha böyük – təxminən iki ovuc ölçüsündə porsiya nəzərdə tutulur. Yağ, qoz-fındıq və avokado kimi məhsulların miqdarı isə baş barmaq ölçüsü ilə müəyyənləşdirilir.
Bu metodun əsas üstünlüyü onun sadə olmasıdır. İnsan xüsusi tərəzi və ya mobil tətbiqdən istifadə etmədən porsiyanın ölçüsünü təxmini müəyyənləşdirə bilir.
Yapon mətbəxində yeməklərin bir neçə kiçik qabda təqdim edilməsi də diqqət çəkir. Belə süfrədə müxtəlif məhsullardan az miqdarda yemək mümkün olur. Müxtəlifliyin insanın daha çox yemək yediyi hissini yaratdığı, kiçik porsiyaların isə yeməyi daha yavaş qəbul etməyə kömək etdiyi bildirilir.
Okinavada isə yeməyi tam doyana qədər deyil, təxminən 80 faiz toxluq hissində dayandırmaq ənənəsindən bəhs olunur. Bu yanaşma “hara hachi bu” prinsipi kimi tanınır.
Bundan başqa, yeməyi yavaş yemək və porsiyaları azaltmaq da çəkiyə nəzarətdə faydalı vərdişlər hesab olunur. Çubuqlardan istifadə isə yemək tempinin yavaşlamasına kömək edə bilər, lakin bunun arıqlamağa birbaşa səbəb olduğunu söyləmək düzgün olmaz.
Samir


