Həkim ürəyə zərər verə bilən antibiotiklər barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
17:15 / 01.10.2026
45

Bəzi antibiotiklər ürəyin elektrik fəaliyyətinə təsir göstərərək təhlükəli ritm pozuntularının yaranması riskini artıra bilər.

HİT.az xəbər verir ki, bunu kardioloq Denis Sokolov bildirib.

Həkimin sözlərinə görə, xüsusilə makrolid qrupuna aid bəzi antibiotiklər, o cümlədən azitromisin və klaritromisin, ürəyin elektrik fəaliyyətinə təsir göstərə bilər.

Sokolov qeyd edib ki, ürək ritmində problemi olan şəxsin əvvəlki müalicədən qalan antibiotiki özbaşına qəbul etməsi riskli ola bilər. Belə dərmanlar ürək əzələsi hüceyrələrində kalium kanallarının fəaliyyətinə təsir göstərərək onların elektrik baxımından bərpa prosesini poza bilər.

Nəticədə elektrokardioqrammada QT intervalının uzanması baş verə və təhlükəli ürək ritm pozuntularının yaranma ehtimalı arta bilər.

Kardioloq xüsusilə antibiotiklərin digər dərmanlarla birlikdə qəbuluna diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, bəzi antiaritmik preparatlar və antidepressantlar da ürək ritminə təsir göstərə bilər. Bu dərmanlar antibiotiklərlə birlikdə qəbul edildikdə təsirlər bir-birini gücləndirə bilər.

Həkim bu səbəbdən antibiotiklərin özbaşına qəbul edilməməsinin və digər dərmanlarla mümkün qarşılıqlı təsirlərinin həkim tərəfindən qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Samir
 

0