Səsin tonunun, yüksəkliyinin, aydınlığının və diapazonunun dəyişməsi gələcəkdə koqnitiv funksiyaların zəifləməsi və demensiya riskinin artması ilə əlaqəli ola bilər. ABŞ-ın Dreksel Universitetinin Tibb Kollecinin alimləri 833 417 pasiyentin məlumatlarını araşdıraraq səs pozuntusu, eşitmə itkisi və bu problemləri olmayan insanlar arasında müqayisə aparıblar.
HİT.az xəbər verir ki, nəticələr "Journal of Voice" jurnalında dərc olunub.
Araşdırmaya görə, səs pozuntusu olan insanlarda sonradan koqnitiv zəifləmə riski səs və eşitmə problemi olmayan şəxslərlə müqayisədə 29 faiz daha yüksək olub. Yalnız eşitmə itkisi olanlarda isə bu göstərici 27 faiz təşkil edib.
Xüsusilə eşitmə itkisi olmadan səsində dəyişiklik müşahidə edilən insanlarda diqqətçəkən nəticələr əldə olunub. Bu qrupda koqnitiv zəifləmə riski yalnız eşitmə problemi olanlarla müqayisədə 26 faiz yüksək olub. Həm səs, həm də eşitmə pozuntusu olan şəxslərdə isə risk nəzarət qrupu ilə müqayisədə təxminən iki dəfə çox olub.
Alimlər bu əlaqənin həm sosial, həm də nevroloji səbəblərlə bağlı ola biləcəyini düşünürlər. Səs problemləri insanın ünsiyyət qurmasına, mahnı oxumasına və sosial fəaliyyətlərdə iştirakına mane ola bilər. Ünsiyyətin azalması isə koqnitiv sağlamlığa təsir göstərə bilər.
Bundan başqa, tədqiqatçılar səsdəki bəzi dəyişikliklərin müəyyən nevroloji xəstəliklərin erkən əlaməti kimi tanındığını bildiriblər.
Bununla belə, alimlər vurğulayıblar ki, araşdırma yalnız əlaqəni göstərir və səbəb-nəticə əlaqəsini sübut etmir. Yəni səsdə dəyişiklik olması insanın mütləq demensiya inkişaf etdirəcəyi anlamına gəlmir. Həmçinin səs pozuntusunun müalicəsinin gələcəkdə koqnitiv zəifləmə riskini azaldıb-azaltmadığı hələ məlum deyil.
Samir


