Hər gün badam yemək təzyiqə necə təsir edir? - Alimlər açıqladı

SAĞLAMLIQ
18:00 / 02.10.2026
51

Mütəmadi badam istehlakı arterial təzyiqin, xüsusilə də aşağı təzyiqin azalmasına kömək edə bilər. Alimlər bu təsirin badamın tərkibindəki maqnezium, kalium, faydalı yağlar, E vitamini və liflə əlaqəli olduğunu bildirirlər.

HİT.az xəbər verir ki, elmi araşdırmalar müntəzəm badam qəbulunun arterial təzyiqə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. 2020-ci ildə aparılan və 1000-dən çox insanın iştirak etdiyi 16 randomizə edilmiş tədqiqatın təhlili badam qəbulunun diastolik təzyiqi orta hesabla 1,3 mm civə sütunu azaltdığını göstərib.

2022-ci ildə 1700-dən çox insanın iştirak etdiyi 26 randomizə edilmiş tədqiqatın nəticələri də badam istehlakının diastolik arterial təzyiqi əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

Mütəxəssislər bu təsirin bir neçə amillə bağlı ola biləcəyini düşünürlər. Badamın tərkibindəki maqnezium və kalium qan damarlarının genişlənməsinə kömək edə bilər. Tərkibindəki doymamış yağlar isə damarların rahatlamasında rol oynayan azot oksidinin yaranmasını dəstəkləyir.

Badamda olan E vitamini oksidləşdirici stresin azalmasına kömək edən antioksidantdır. Lif isə bağırsaqlardakı faydalı bakteriyaların fəaliyyətini dəstəkləyir. Bu bakteriyaların əmələ gətirdiyi qısa zəncirli yağ turşularının da qan təzyiqinin tənzimlənməsində rol oynaya biləcəyi bildirilir.

Badamın digər xüsusiyyəti isə tərkibində natriumun az olmasıdır. Bundan başqa, onun zülal, faydalı yağ və liflə zəngin olması toxluq hissini artıraraq çəkiyə nəzarətə kömək edə bilər. Artıq çəkisi olan insanlarda çəkinin azalması arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər.

Gündə nə qədər badam yemək olar?

Hipertoniyanın profilaktikası və ya müalicəsi üçün badamın konkret gündəlik norması rəsmi şəkildə müəyyən edilməyib. Bununla belə, bəzi elmi məlumatlarda ürək-damar sağlamlığı üçün gündə təxminən 35 ədəd badam istehlakının faydalı ola biləcəyi qeyd edilir.

Mütəxəssislər badam seçərkən duzsuz və ya az duzlu növlərə üstünlük verməyi tövsiyə edirlər. Çünki həddindən artıq duz qəbulu orqanizmdə maye saxlanmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, badamın hipertoniya müalicəsində dərmanları əvəz etmədiyi nəzərə alınmalıdır. Həmçinin qoz-fındıq allergiyası olan şəxslər badamdan istifadə etməməlidir.

Samir

0