Kakaodan da zəngin maqnezium mənbəyi: Bu məhsulu hər gün yemək tövsiyə olunur

SAĞLAMLIQ
21:18 / 02.10.2026
45

Balqabaq tumu maqneziumla zəngin qidalar arasında xüsusi yer tutur. Mütəxəssislər onun gündəlik rasiona əlavə edilməsinin ürək, əzələ və sinir sisteminin fəaliyyətinə fayda verə biləcəyini bildirirlər.

HİT.az xəbər verir ki, balqabaq tumunun 100 qramında təxminən 530-590 milliqram maqnezium olur. Bu göstərici onu təbii kakao və tünd şokoladdan daha zəngin maqnezium mənbələrindən birinə çevirir.

Balqabaq tumu bununla yanaşı, zülal, sink, fosfor, dəmir, mis, doymamış yağ turşuları, lif və antioksidantlarla zəngindir. Maqnezium sinir sisteminin və əzələlərin normal fəaliyyətində, enerji istehsalında və ürək ritminin qorunmasında mühüm rol oynayır.

Məhsulun tərkibindəki zülal toxluq hissini artırır, doymamış yağlar isə balanslı qidalanmanın bir hissəsi kimi ürək-damar sağlamlığını dəstəkləyə bilər. Sink immun sisteminin fəaliyyəti, dəmir və mis isə enerji mübadiləsi və qan dövranı üçün vacibdir. Lif isə bağırsaqların normal fəaliyyətinə kömək edir.

Balqabaq tumunu ayrıca qəlyanaltı kimi qəbul etmək, yaxud yulaf sıyığı, yoqurt, müsli və smuzilərə əlavə etmək mümkündür. Onu salatların, krem-şorbaların, sendviçlərin, evdə hazırlanan çörək və qranolanın üzərinə səpmək də olar. Bişmiş tərəvəzlər və müxtəlif yarmalarla birlikdə də istifadə edilə bilər.

Mütəxəssislər gündəlik porsiyanın təxminən 20-30 qram olmasını məqsədəuyğun hesab edirlər. Kalorisi yüksək olduğundan həddindən artıq istehlak tövsiyə edilmir. Daha yaxşı seçim kimi duzsuz balqabaq tumuna üstünlük vermək məsləhət görülür.

Həmçinin tumu yüksək temperaturda uzun müddət qovurmaqdan çəkinmək lazımdır. Bəzi insanlarda lifin miqdarının qəfil artırılması şişkinlik, qaz və bağırsaq narahatlığı yarada bilər. Balqabaq tumuna allergiyası olan şəxslər isə ondan istifadə etməməlidir.

Samir

0