Yaşlı insanlarda yuxusuzluğun sağlamlığa təsiri

SAĞLAMLIQ
12:30 / 02.10.2026
54

Yaş artdıqca melatonin ifrazının azalması və xroniki xəstəliklərin çoxalması səbəbindən yaşlı insanlarda yuxunun keyfiyyəti pisləşir. 

HİT.az xəbər verir ki, bu barədə nevroloq-somnoloq, tibb elmləri namizədi Yelena Tsaryova “Moskva 24”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, melatonin yuxunun başlamasına kömək edir, lakin 55 yaşdan sonra bu hormonun bazal səviyyəsi bir çox insanda əhəmiyyətli dərəcədə azalır. Nəticədə yuxuya getmək çətinləşir, gecə istirahəti isə daha qısa və səthi olur. Bundan əlavə, yaşla əlaqədar yaranan xroniki xəstəliklər narahatlıq yarada və yuxuya getməyə mane ola bilər.

Həkim qeyd edib ki, tam yuxuya olan ehtiyac istənilən yaşda qorunur. Gecə istirahəti həyatın keyfiyyətinə və müddətinə təsir göstərir. Mütəxəssis yuxu çatışmazlığını Altsheymer xəstəliyi və şəkərli diabetin inkişafına səbəb olan amillərdən biri hesab edir.

Bununla belə, yuxu norması fərdi xarakter daşıyır. Sağlam insanların əksəriyyəti üçün bu göstərici təxminən 8,5–9 saatdır. Lakin bəzi insanlara 4–5 saat, digərlərinə isə bərpa olunmaq üçün 12 saata qədər yuxu lazım ola bilər. Həkim xəbərdarlıq edib ki, insanın 4 saatdan az və ya 12 saatdan çox yatması sağlamlıqla bağlı problemə işarə edə bilər. Bu halda səbəbləri müəyyənləşdirmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

Tsaryova insanlara özlərini məcburi şəkildə “normal” rejimə uyğunlaşdırmağı — müəyyən saatda yatağa getməyi və özünü yatmağa məcbur etməyi məsləhət görmür. Onun sözlərinə görə, bu, gərginlik və narahatlığı artıra, əksər hallarda isə istirahət etmək istəyini azalda bilər.

Mütəxəssis hər gün eyni vaxtda oyanmağı tövsiyə edir. Bu, sabit yuxu rejiminin formalaşmasına kömək edir. Həmçinin təqaüdə çıxdıqdan sonra tez-tez yaranan gündüz yuxusundan imtina etmək məsləhətdir, çünki bu, gecə istirahətinə mane ola bilər.

Samir

0