Arıqlamaq istəyən şəxslərin ilk atdığı addımlardan biri çörəkdən istifadəni azaltmaqdır.
Kökəlmək istəməyən və ya ideal forumunu qorumağa çalışan insanlar da çörəkdən istifadə etməməyə çalışırlar. Diyetoloqların da fikirləri bu yöndə olur. Yəni çörək insanı kökəldən əsas qidalardan biri kimi görünür.
Bu səbəbdən də bir çox şəxs gün ərzində ya ümumiyyətlə çörək yemir, ya da sadəcə 1-2 dilim qəbul edir. Əslində, çörəkdən gündəlik neçə dilim istifadə olunması mövzusu da zaman-zaman müzakirə predmetinə çevrilə bilir.
Bəs sağlam həyat tərzi üçün gündəlik neçə dilim çörək yemək olar?
Qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib ki, sağlam qidalanmada çörəyi tamamilə rasiondan çıxarmaq düzgün yanaşma deyil:
“Əsas məsələ insanın yaşına, fiziki aktivliyinə, ümumi qidalanmasına və enerji tələbatına uyğun miqdarda çörək qəbul etməsidir. Ümumilikdə, sağlam və orta fiziki aktivliyi olan insan gün ərzində təxminən 2-4 dilim çörək qəbul edə bilər.
Lakin bu, hər kəs üçün dəyişməz norma deyil. Yəni bunu sabit saxlamaq da düzgün olmaz. Fiziki aktivlik burada əsas məsələlərdən biridir. Fiziki aktivliyi yüksək olan şəxslərin enerji tələbatı çox olur, oturaq həyat tərzi keçirən insanlarda isə bu, daha az ola bilir”.
Ekspert qeyd edib ki, çörəyin növünün əhəmiyyəti də mühüm məqamdır:
“Tam taxıllı, çəpəkli, liflə zəngin, ağ çörəyin toxluq yaratmaq hissiyyatı var. Ancaq “qara çörək kökəltmir” və ya “tam taxıllı çörəyi istənilən qədər yemək olar” fikirləri tamamilə yanlışdır. Çörəyin miqdarı həddindən artıq olduqda ümumi kalori qəbuluna və çəki artımına səbəb ola bilir.
Digər vacib məqam çörəyin nə ilə yeyilməsi məsələsidir. Bildiyimiz kimi, çörəyin üzərinə mayonez, yağ, kolbasa, sosis və digər yüksək kalorili məhsulları əlavə edib yedikdə ümumi enerji dəyəri yüksəlir. Təbii ki, bu da çörəkdən kökəlməyə gətirib çıxarır.
Ona görə də çörəyi tərəvəz, yumurta, qatıq, pendir kimi qidalarla yemək daha məqsədəuyğundur. Əgər insan arıqlamaq və ya çəkisini qorumaq istəyirsə, bu, yalnız “gündə neçə dilim çörək yeyim?” sualından ibarət deyil. Gün ərzində qəbul edilən qidanın miqdarını, fiziki aktivlik məsələsini nəzərə almaq və kalori balansını qorumaq lazımdır”.
Mütəxəssis vurğulayıb ki, çörəyi sağlamlığa zərərli kimi görmək lazım deyil:
“Əsas prinsip miqdarı və keyfiyyəti düzgün olan çörəyi seçməkdən gedir. Bir də onun keyfiyyəti və tərkibi dəyişə bilir, buna diqqət yetirmək lazımdır. Buğdanın sortu, yetişdirildiyi ərazi, emal üsulu çörəyin ətrinə təsir edir.
Bəzən deyirlər ki, əvvəlki çörəklərin ətri var idi, indiki çörəklərdə isə o ətir yoxdur. Bu, tamamilə doğru fikirdir. Çünki əvvəllər çörək bişəndə təndirin yanından keçəndə çörəyin ətri gələrdi. Amma bu gün həm də çörəyin ətri yoxdur. Təbii ki, bu da texnologiyadan, temperaturdan, bişirilmə müddətindən və hazırlıq prosesindən asılıdır”.
İlkin Şirinov onu da əlavə edib ki, çörəklərdə istifadə olunan reseptlər dəyişdirilib:
“Bəzi sənaye çörəklərində istehsal müddətini qısaltmaq və məhsulun sabitliyini artırmaq üçün müxtəlif texnoloji komponentlərdən istifadə olunur. Əslində, çörək uzun müddət qablaşdırılmış vəziyyətdə qalarsa, təzə bişmiş çörəyin qoxusu zəifləyir.
Çörəyin özünəməxsus ətrinin formalaşmasında maya fermentasiyası və bişirilmə zamanı gedən reaksiyalar mühüm rol oynayır. Ona görə də ənənəvi və uzunmüddətli mayalanmada hazırlanan çörəklə sürətli sənaye üsulu ilə hazırlanan çörəyin qoxusu fərqli olur. Bu baxımdan çörəklərdən istifadə də müəyyən diqqət tələb edir”.
Pərviz



