“Bəzən çox çalışqan insanların belə bir müddət nə isə etməyə həvəsləri olmur. Lakin çalışqan insanın müəyyən dövrdə iş görmək istəməməsini avtomatik olaraq “tənbəllik” kimi adlandırmaq doğru deyil”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, fikirlərini belə əsaslandırıb:

“Çünki çox vaxt bunun arxasında beynin fasilə ehtiyacının olması, motivasiyanın azalması, özünü tükənmiş hiss etməsi, özünü yorğun hiss etməsi kimi psixoloji durumlar dayanabilir. Uzunmüddətli olaraq yüklənən və uzunmüddətli gərgin iş rejimində çalışan həmin insanlar bir dönəmdən sonra, artıq istər-istəməz, özlərini yorğun hiss edə bilirlər.
Məsələn, çalışqan insan çox vaxt özündən daima yüksək nəticə tələb edir və uzun müddət “daha çox etməliyəm”, “dayanmamalıyam” kimi düşünür. Bu rejimdə çalışdıqca psixoloji və fiziki olaraq resurslar da istər-istəməz azalmağa başlayır. Bir müddət keçdikdən sonra beyin sanki “daha davam edə bilmirəm, mənə bərpa olunmaq üçün vaxt lazımdır, dincəlməliyəm, sakit durmalıyam” kimi siqnal verir. Bu zaman insan artıq dincəlməsi üçün özünə bir zaman ayırır”.
Ekspert qeyd edib ki, mükəmməliyyətçi insanlar var:
“Çalışqan insanların bir hissəsinin tənbəllik kimi görünən davranışlarının arxasında çox vaxt mükəmməlliyə yönümlü olması dayanır: “İdeal etməliyəm”, “daha da yaxşısını bacarmalıyam”. Yəni bəzən insan işdən deyil, onu kifayət qədər yaxşı görə bilməmək qorxusundan qaçmağa başlayır. Eyni zamanda, motivasiyanın və intizamın davam etdirilə bilməməsi də səbəblər sırasındadır.
İnsan uzun müddət özünü yalnız məcbur etməklə işlədə bilmədiyi üçün bir müddətdən sonra motivasiyası azalır, enişlər yaşanır və dayanmağa başlayır. Xüsusilə etdiyin işin nəticəsini uzun müddət görmürsə beyində artıq “bütün bunları nə üçün edirəm ki?” düşüncəsi yaranır. Bu sual yarandığı üçün də “tənbəllik” deyil, mənəvi olaraq motivasiya itkisi, azalmağa başlayır”.
Psixoloq diqqətə çatdırıb ki, beyində monotonluğa qarşı reaksiya var:
“Yəni eyni işi uzun müddət təkrar etməyə başlayanda beyinin bu rejimdə qalmaq motivasiyası, diqqəti və marağı azala bilir. Yəni insan işini sevsə də, davamlı eyni rejimdə qalmaq diqqəti və marağı azaldır. Bundan başqa, emosional problemlər ola bilər. Məsələn, ailə, maddi stress, narahatlıqlar və digər məsələlərlə bağlı problemlərin buna zəmin hazırlaması mümkündür.
Ümumi olaraq insanın həyatındakı emosional yüklənmələr, münasibətlərlə bağlı yaranan problemlər işinə diqqət və enerji resurslarını azalda bilir. Sözsüz ki, insanın həvəsinin azalması normal ola bilər. Nəticədə, insan robot deyil, enerji və motivasiya daima eyni səviyyədə qalmır. Yəni bəzən insanın işləmək istəməməsi onun tənbəl olduğunu yox, uzun müddət özünü dayanmadan işlətməsinin nəticəsini göstərir.
Lakin bu işdən uzaqlaşma, yorğunluq və həvəssizlik vəziyyətinin həftələrlə davam etməsini sadəcə tənbəllik kimi qiymətləndirmək düzgün deyil. Belə durumda artıq psixoloji və ya tibbi qiymətləndirməyə faydalı ola bilər. Həmin dönəmdə mütəxəssisə müraciət etmək lazımdır”.
Pərviz


