Bağırsaq sağlamlığı üçün faydalı hesab edilən probiotikləri yalnız yoğurtdan almaq mümkün deyil. Dietoloqlar gündəlik rasiona daxil edilə biləcək, probiotiklərlə zəngin bir sıra alternativ məhsulların olduğunu bildirirlər.
HİT.az xəbər verir ki, bu barədə "Real Simple" yazıb.
Mütəxəssislərin diqqət çəkdiyi məhsullardan biri kəsmikdir. Lakin bütün kəsmik növlərində canlı bakteriya mədəniyyətləri olmur. Buna görə məhsul alarkən qablaşdırmada Lactobacillus acidophilus və ya Bifidobacterium lactis kimi canlı mədəniyyətlərin olub-olmamasına diqqət etmək tövsiyə edilir. Kəsmik həmçinin zülal baxımından zəngindir və müxtəlif yeməklərə əlavə oluna bilər.
Digər faydalı seçim kefirdir. Südün kefir dənələri adlanan canlı bakteriya və mayaların birləşmələri ilə fermentləşdirilməsi nəticəsində hazırlanan bu içki yoğurda bənzəsə də, daha duru konsistensiyaya və turşməzə dada malikdir. Kefiri tək içmək, smuziyə əlavə etmək, sıyıq hazırlayarkən süddən istifadə etmək və bəzi reseptlərdə ayranın əvəzinə işlətmək mümkündür.
Dietoloqlar fermentləşdirilmiş tərəvəzləri də probiotik mənbə kimi göstərirlər. Turş kələm, duzlu xiyar, fermentləşdirilmiş soğan və digər tərəvəzlər həm yeməklərə fərqli dad verir, həm də bağırsaq mikrobiomunu dəstəkləyə bilən canlı mikroorqanizmlər ehtiva edə bilər. Turş kələm isə əlavə olaraq liflə zəngindir.
Probiotik baxımından ən məşhur məhsullardan biri kimçidir. Koreya mətbəxinin ənənəvi yeməyi olan kimçi fermentləşdirilmiş tərəvəzlər və müxtəlif ədviyyatlardan hazırlanır. Onu salatlara, tostlara, yumurtaya və düyü yeməklərinə əlavə etmək olar.
Siyahıda tempe də yer alır. Fermentləşdirilmiş soya paxlasından hazırlanan bu məhsul zülalla zəngin olmaqla yanaşı, ətə alternativ kimi istifadə edilir. Sıx quruluşu və qozabənzər dadı onu müxtəlif duzlu yeməklər üçün əlverişli edir.
Digər seçim isə miso pastasıdır. Fermentləşdirilmiş soya paxlasından hazırlanan miso xüsusilə Yapon mətbəxində geniş istifadə olunur. Ondan ənənəvi miso şorbası hazırlamaqla yanaşı, souslara, marinadlara və müxtəlif yeməklərə əlavə etmək mümkündür.
Bundan başqa, bəzi pendir növlərində, o cümlədən çedar və qouda kimi pendirlərdə də probiotik bakteriyalar ola bilər. Kombuça da fermentləşdirilmiş içki kimi tanınır, lakin onun tərkibindəki mikroorqanizmlərin miqdarı və çeşidi məhsuldan məhsula dəyişə bilər.
Dietoloqlar qeyd edirlər ki, probiotik mənbələrini müxtəlifləşdirmək yoğurtdan bezən insanlar üçün rasionu daha rəngarəng etməyə imkan verir. Bununla yanaşı, fermentləşdirilmiş məhsulların tərkibində canlı mədəniyyətlərin olub-olmaması məhsulun hazırlanma üsulundan asılı olduğundan, etiket məlumatlarını yoxlamaq vacibdir.
Samir


