Yaponiyada qan qrupu yalnız tibbi məlumat hesab edilmir. Ölkədə geniş yayılmış “ketsueki-qata” adlı inanca görə, insanın qan qrupu onun xarakteri, davranışları və hətta münasibətlərdə uyğunluğu barədə müəyyən ipucları verə bilər.
HİT.az xəbər verir ki, bu yanaşma Qərb ölkələrində bürclərə və astrologiyaya olan maraqla müqayisə edilir. İnancın təsirlərinə Yaponiyanın müxtəlif sahələrində rast gəlmək mümkündür. Məsələn, bəzi hallarda uşaqların qan qruplarına əsasən qruplara ayrıldığı, işə qəbul zamanı namizədlərdən qan qrupu barədə məlumat istənildiyi və vəzifə bölgüsündə bu amilin nəzərə alındığı hallar qeydə alınıb.
Ayrı-seçkiliyə qarşı tətbiq edilən qaydalar belə praktikaların azalmasına səbəb olsa da, qan qrupu hələ də Yaponiyada tanışlıq xidmətləri, jurnallar, populyar mədəniyyət və bəzi ictimai müzakirələrdə özünəməxsus mədəni istinad olaraq qalır.
“Ketsueki-qata” inancında dörd əsas qan qrupunun hər birinə müəyyən xarakter xüsusiyyətləri aid olunur.
A qan qrupu olan insanların dəqiq, səbirli, həssas, sadiq və məsuliyyətli olduğu düşünülür. O qan qrupu isə məntiqli, təşkilatçı, nikbin, özünəinamlı və rəqabətcil insanlarla əlaqələndirilir.
AB qan qrupu daşıyan şəxslər daha yaradıcı, ciddi və düşüncəli, eyni zamanda qərarsız kimi təsvir edilir. B qan qrupu isə yaradıcılıq, ehtiras, fərdilik və macəraçılıqla əlaqələndirilir.
Bu inancın hətta siyasi həyatda da nümunələri olub. 2008-2009-cu illərdə Yaponiyanın baş naziri olmuş Taro Aso seçicilər qarşısında özünü nizamlı və məsuliyyətli biri kimi göstərmək məqsədilə A qan qrupuna sahib olduğunu vurğulayıb.
Qan qrupu ilə xarakter arasında əlaqə yaratmaq ideyası XX əsrin əvvəllərində ABO qan qruplarını kəşf edən avstriyalı həkim Karl Landşteynerin işlərindən sonra geniş yayılmağa başlayıb. 1920-ci illərdə yapon tədqiqatçı Takeci Furukava qan qrupları ilə temperament arasında mümkün əlaqəni araşdıran məqalə dərc edib.
Sonrakı illərdə bu mövzu elmi araşdırmaların da predmetinə çevrilib. 2015-ci ildə Hirosaki və Kumamoto universitetlərinin alimləri tərəfindən aparılan araşdırmada dözümlülük ilə bəzi qan qrupları arasında statistik əlaqə aşkar edilsə də, tədqiqatçılar bunun başqa amillərlə izah oluna biləcəyini bildiriblər.
Daha genişmiqyaslı araşdırmalar isə qan qrupu ilə şəxsiyyət xüsusiyyətləri arasında əhəmiyyətli əlaqənin olmadığını göstərir. Yaponiya və ABŞ-dan 10 mindən çox insanın iştirak etdiyi 2014-cü il sorğularında qan qrupunun şəxsiyyət fərqlərini izah etmə payının 0,3 faizdən aşağı olduğu müəyyənləşdirilib.
Son illərdə aparılan sorğular Yaponiyada bu inancın əvvəlki gücünü müəyyən qədər itirdiyini göstərir. Buna baxmayaraq, “ketsueki-qata” elmi əsası olmayan bir yanaşma kimi Yaponiyanın populyar mədəniyyətində hələ də tanınan elementlərdən biri olaraq qalır.
Samir


