Erkən diabeti dərmansız geriyə çevirmək mümkündürmü?

SAĞLAMLIQ
23:15 / 05.10.2026
42

Sərt aşağı kalorili pəhriz və müntəzəm fiziki məşqlərin erkən başlayan 2-ci tip diabetli xəstələrin bir hissəsində xəstəliyin remissiyasına səbəb ola biləcəyi müəyyənləşdirilib.

HİT.az xəbər verir ki, “The Lancet Regional Health – Americas” jurnalında dərc olunan araşdırmada MakGill, Lester və Alberta universitetlərinin alimləri iştirak edib. Tədqiqata gənc yaşda 2-ci tip diabet diaqnozu qoyulan 96 nəfər cəlb olunub. Bu diabet formasının adətən daha ağır keçdiyi qeyd edilir.

İştirakçıların yarısına intensiv həyat tərzi proqramı tətbiq olunub. Proqrama gündəlik 800-900 kilokalori ilə məhdudlaşdırılmış pəhriz, həmçinin mütəxəssislərin nəzarəti altında aerob və güc məşqləri daxil edilib. Digər iştirakçılar isə standart müalicə alıblar.

Nəticələrə görə, intensiv proqramda iştirak edənlər orta hesabla 8,4 kiloqram çəki itirib. Nəzarət qrupunda bu göstərici 1,2 kiloqram olub. Birinci qrupda bədəndəki yağ itkisi də əhəmiyyətli dərəcədə çox olub.

Tədqiqatda diabetin remissiyası qanda uzunmüddətli şəkər göstəricisi olan HbA1c səviyyəsinin şəkərsalıcı dərmanlardan istifadə edilmədən ən azı 12 həftə ərzində 6,5 faizdən aşağı düşməsi kimi müəyyən edilib.

İntensiv proqramda iştirak edənlərin 54 faizi remissiyaya nail olub. Nəzarət qrupunda isə bu göstərici cəmi 4 faiz təşkil edib. Beləliklə, müdaxilə qrupunda remissiyaya çatma ehtimalı nəzarət qrupu ilə müqayisədə təxminən 21 dəfə yüksək olub.

Alimlər hesab edirlər ki, nəticələr xüsusilə xəstəliyin erkən mərhələsində əhəmiyyətli çəki itkisinin 2-ci tip diabetin gedişatına ciddi təsir göstərə biləcəyini göstərir. Bununla belə, tədqiqat dərman müalicəsinin bütün xəstələr üçün lazımsız olduğunu göstərmir.

Mütəxəssislər bildirirlər ki, gündə 800-900 kilokalorilik kimi ciddi məhdudlaşdırılmış pəhriz yalnız tibbi nəzarət altında tətbiq edilməlidir. Belə bir proqramı həkim məsləhəti olmadan özbaşına başlamaq təhlükəli ola bilər.

Araşdırmanın nəticələri 2-ci tip diabetin bəzi hallarda, xüsusilə erkən mərhələdə, həyat tərzində ciddi dəyişikliklər və çəki itkisi ilə remissiyaya keçə biləcəyinə dair artan elmi sübutlara əlavə olunur.

Samir

0