Tərkibində yüksək miqdarda duz və trans yağlar olan ət yarımfabrikatlarının müntəzəm olaraq qida rasionuna daxil edilməsi damar mənşəli demensiyanın yaranmasına səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə diyetoloq və psixoterapevt Larisa Nikitina “Pravda.Ru” ilə söhbətində xəbərdarlıq edib.
Bu qənaətə müxtəlif elmi institutlardan olan mütəxəssislərin 500 min nəfərin iştirakı ilə apardığı genişmiqyaslı tədqiqatın nəticələri əsas verib. Nəticələr göstərib ki, hətta az miqdarda emal olunmuş ət məhsulunun – gündə təxminən 25 qram, yəni bir dilim bekona bərabər miqdarın – istehlakı demensiyanın yaranma ehtimalını təxminən 1,5 dəfə artırır.
Ekspert xüsusilə natrium qlutamata diqqət çəkib. Bu dad gücləndiricisi reseptorların alışması səbəbindən adi qidaların insan üçün dadsız görünməsinə səbəb olmaqla yanaşı, orqanizmdə toplandıqda neyronlara mənfi təsir göstərə bilər. Bundan əlavə, kolbasa məmulatlarında duzun çoxluğu xroniki hipertoniyaya gətirib çıxarır. Davamlı yüksək qan təzyiqi beyində normal qan dövranını və sinir toxumalarının qidalanmasını pozur. Bu isə nəticədə koqnitiv pozuntuların inkişafı üçün əlverişli şərait yaradır.
Nikitinanın fikrincə, trans yağlar da az təhlükə yaratmır. Bu birləşmələr damar divarlarını zədələyərək və beynin oksigenlə tam təmin olunmasına mane olaraq aterosklerozun inkişafına şərait yaradır. Mənfi təsir “ət yapışqanı” kimi tanınan mikrobial transqlutaminazanın mövcudluğu ilə daha da güclənir. Bu maddə də orqanizmdə neyrodegenerativ dəyişikliklərlə əlaqələndirilir.
Sonda diyetoloq əlavə edib ki, bu cür məhsullar bağırsaq mikroflorasının tərkibini əhəmiyyətli dərəcədə dəyişdirərək həzm sisteminin həddindən artıq yüklənməsinə səbəb olur. Mütəxəssis vurğulayıb ki, problem yalnız konkret məhsulda deyil, ümumi qidalanma yanaşmasındadır və bu yanaşmaya yenidən baxmaq lazımdır.
Samir


