“Velosiped sürməyin fiziki sağlamlıqla yanaşı, psixoloji sağlamlığa da kifayət qədər ciddi təsiri var”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanın psixoloji vəziyyəti ilə fiziki aktivliyini bir-birindən ayrı düşünmək mümkün deyil:
“İlk növbədə, müntəzəm fiziki aktivlik stressin və gündəlik gərginliyin azalmasına kömək edir. İnsan gün ərzində müxtəlif problemlər, məsuliyyətlər və informasiyalarla yüklənir. Velosiped sürərkən isə diqqət bir müddət gündəlik qayğılardan uzaqlaşaraq hərəkətə, nəfəsə və ətraf mühitə yönəlir. Bu da bir növ beynə fasilə verməkdir.
Digər tərəfdən, fiziki aktivlik beyində əhval-ruhiyyənin tənzimlənməsində rol oynayan sistemləri aktivləşdirir. Buna görə velosiped sürmək insanın özünü daha enerjili və yaxşı hiss etməsinə, motivasiyasının artmasına və emosional gərginliyinin azalmasına kömək edə bilər”.
Ekspert qeyd edib ki, velosipedin narahatlıq və həddindən artıq düşünmə ilə bağlı da faydalı tərəfi var:
“Məsələn, insan gün ərzində eyni məsələni dəfələrlə beynində analiz edə bilər. Hərəkət zamanı diqqətin bədənə və ətraf mühitə yönəlməsi bu düşüncə dövrəsindən müəyyən qədər çıxmağa imkan verir. Əlbəttə, bu, narahatlıq pozuntusunun müalicəsi demək deyil, amma sağlam həyat tərzinin və psixoloji dəstəyin yaxşı tamamlayıcısıdır.
Bir başqa vacib məqam da özünəinamdır. İnsan fiziki aktivlikdə öz inkişafını gördükcə əvvəlkindən daha uzun müddət sürə bildikdə, daha çox məsafə qət etdikdə,öz bacarığına dair müsbət hiss formalaşır. Bu da psixoloji rifaha təsir edir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, müntəzəm hərəkət yuxu keyfiyyətinə də müsbət təsir göstərə bilər:
“Yaxşı yuxu isə öz növbəsində emosional tənzimləmə, diqqət, enerji və stressin idarə olunması üçün çox vacibdir. Mən özüm də tez-tez velosiped sürürəm. Burada mənim üçün əsas məsələ sadəcə idman etmək deyil. Bəzən gün ərzində beynimiz o qədər çox işləyir ki, ona yeni bir informasiya yox, sadəcə fasilə lazımdır.
Velosiped mənə məhz bu fasiləni verir. Ona görə mən velosipedi psixoloji sağlamlıq üçün çox sadə, əlçatan və faydalı vərdişlərdən biri hesab edirəm. Təbii ki, ciddi psixoloji problemlər zamanı bu, mütəxəssis dəstəyini əvəz etmir, amma sağlam həyat tərzinin çox yaxşı bir hissəsi ola bilər”.
Pərviz



