Almanın müntəzəm istehlakı ürək-damar sisteminin sağlamlığını dəstəkləyə və arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” məlumat yayıb.
Mütəxəssislərin fikrincə, almanın ürək-damar sisteminə müsbət təsiri onun tərkibindəki flavonoidlər, polifenollar və qida lifləri ilə əlaqəlidir. Kardioloq Con Hiqqins bildirib ki, alma xüsusilə kversetin və proantosianidinlərlə, həmçinin fenol turşuları və qida lifləri ilə zəngindir.
Flavonoidlər qan damarlarının müəyyən qədər genişlənməsinə və qanın daha rahat dövr etməsinə kömək edə bilər. Almada olan polifenollar isə antioksidant və təbii iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bu maddələrin damarları gündəlik zədələnmələrdən qorumağa kömək etdiyi bildirilir.
Dietoloq Kassandrа Leporun sözlərinə görə, almanın tərkibindəki həll olunan lif də mühüm rol oynayır. Bu lif xolesterinin səviyyəsinin aşağı salınmasına və damarların elastikliyinin qorunmasına kömək edə bilər.
Bir araşdırmanın icmalı göstərib ki, gündə təxminən bir orta ölçülü alma yemək arterial təzyiq, xolesterin, iltihab göstəriciləri və qan damarlarının fəaliyyəti baxımından mülayim yaxşılaşma ilə əlaqələndirilir. Bu dəyişikliklər uzunmüddətli perspektivdə ürək-damar xəstəlikləri və insult riskinin azalmasına töhfə verə bilər.
Lakin mütəxəssislər vurğulayırlar ki, alma yemək arterial təzyiqi dərhal aşağı salan vasitə deyil. Söhbət daha çox meyvənin tərkibindəki faydalı maddələrin uzun müddət ərzində orqanizmə göstərdiyi ümumi təsirdən gedir.
Hiqqinsin sözlərinə görə, gündə 1-2 alma ürək-damar sistemi üçün faydalı ola bilər. Bununla belə, mümkün müsbət təsirin müntəzəm və uzunmüddətli istehlak zamanı daha nəzərəçarpan olduğu bildirilir.
Araşdırmalar həmçinin bütöv almanın şirə və püre ilə müqayisədə daha çox fayda verə biləcəyini göstərir. Hipertoniya diaqnozu qoyulmuş 2300-dən çox insanın iştirak etdiyi araşdırmada həftədə 3-6 dəfə bütöv alma yeyən şəxslərdə daha yaxşı ürək-damar sağlamlığı göstəriciləri və daha uzun ömürlə əlaqə müşahidə edilib.
Alma şirəsi və alma püresi ilə isə arterial təzyiq baxımından eyni müsbət əlaqə qeydə alınmayıb.
Mütəxəssislər almanı sağlam və balanslı qidalanmanın bir hissəsi kimi qəbul etməyi tövsiyə edirlər.
Samir


